"TEHA Group" Azərbaycanın gələcək rəqabət qabiliyyətinin üç istiqamətini açıqlayıb

İqtisadiyyat Xəbər 25 Sentyabr 2026 13:03 (UTC +04:00)
"TEHA Group" Azərbaycanın gələcək rəqabət qabiliyyətinin üç istiqamətini açıqlayıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın gələcək rəqabət qabiliyyətinin üç mümkün istiqamətinə Orta dəhlizin və logistikanın, rəqəmsal iqtisadiyyatın və energetikanın inkişafı daxildir.

Trend-in müxbiri xəbər verir ki, bunu cümə günü İtaliyanın aparıcı özəl analitik mərkəzi "TEHA Group"un (The European House – Ambrosetti) baş direktoru və idarəedici tərəfdaşı Valerio de Molli Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.

“Onlardan biri ölkənin əlverişli coğrafi mövqeyini, eləcə də burada müşahidə etdiyimiz sabitlik və dinamikanı nəzərə alaraq Orta Dəhliz və logistikadır. İkincisi, ilk növbədə rəqəmsal texnologiyalara əsaslanan iqtisadiyyatdır. Üçüncüsü isə Avropanın enerji təhlükəsizliyinin, o cümlədən, əsasını təşkil edən energetikadır və bunu unutmaq olmaz”, - deyə o bildirib.

De Molli Azərbaycanın coğrafi və logistik əhəmiyyətini də qeyd edib.

“Çinin dəniz sərhədi ilə Avropa arasında ticarət və logistika əlaqələrindən danışsaq, Süveyş kanalı vasitəsilə marşrut 30 gün, Transxəzər marşrutu ilə isə 12 gün çəkir”, - deyə o bildirib.

Onun sözlərinə görə, Orta dəhliz üzrə yükdaşımaların həcmi əhəmiyyətli dərəcədə artır.

Rəqəmsal sahədən danışan De Molli Azərbaycanda ikinci və üçüncü səviyyəli məlumat emalı mərkəzlərinin, yüksək internetə qoşulma sürətinin mövcudluğunu, həmçinin regionda süni intellekt sahəsində ilk strategiyanın qəbul edilməsini qeyd edib.

O, həmçinin geniş fiber-optik rabitə əhatəsini və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əlavə dəyərin həcmini vurğulayıb. Onun sözlərinə görə, bu göstərici 3,8 milyard manat təşkil edir.

“Bu, çox uğurlu və dinamik istiqamətdir”, - deyə De Molli bildirib.

Energetikaya toxunan De Molli Azərbaycanın əhəmiyyətli ixrac həcmlərini və Avropa ilə tərəfdaşlığını qeyd edib.

“Bu, həmçinin Avropanın enerji təhlükəsizliyi məsələsidir”, - deyə o bildirib və Azərbaycanın bərpaolunan enerji sahəsində də böyük potensiala malik olduğunu əlavə edib.

De Molli sonda Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun fikir və imkan mübadiləsi, işgüzar əlaqələrin qurulması, həmçinin anlaşma memorandumlarının və sazişlərin imzalanması üçün platforma kimi rolunu qeyd edib.

Qeyd edək ki, Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir.

İki günlük tədbir Azərbaycan İqtisadiyyat Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən European House - Ambrosetti şirkətinin strateji tərəfdaşlığı ilə təşkil olunub.

Budəfəki forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal qarşılıqlı əlaqəlilik və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub və dünyanın aparıcı investorlarını, dövlət və hökumət nümayəndələrini, beynəlxalq maliyyə institutlarını və biznes liderlərini bir araya gətirir

Məqalədə:

Xəbər lenti

Xəbər lenti