Bakı.Trend:
Orta Dəhlizin inkişafı, təchizat zəncirlərini genişləndirmək və regional bazarlara yaxın istehsal müəssisələri qurmaq istəyən şirkətlər üçün yeni imkanlar yaradır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli cümə günü Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” adlı panel müzakirəsində çıxışı zamanı deyib.
O qeyd edib ki, günümüzdə təmiz enerji, elektrik nəqliyyatı, informasiya texnologiyaları və süni intellektdəki qlobal transformasiya, qabaqcıl istehsalat və kritik xammallara yeni bir tələbat yaradır.
“Bu gün ölkəmizin müxtəlif regionlarında 10 sənaye parkı fəaliyyət göstərir. Bunlar kimya, neft-kimya, maşınqayırma, tekstil, əczaçılıq, tikinti materialları və qida emalı kimi geniş sahələri əhatə edir. Bu sənaye parklarında 139 müəssisə qeydiyyata alınıb. Bunların 100-dən çoxu hazırda fəaliyyətdədir. Sənaye parklarında istehsal olunan məhsulların dəyəri 3,7 milyard dollara çatıb və bunun təxminən 1 milyard dolları ixrac edilib.
Bu ekosistemin mühüm hissələrindən biri də Ələt Azad İqtisadi Zonasıdır. Xüsusilə ixracyönümlü, yüksək texnologiyalı və yüksək əlavə dəyər yaradan istehsalı cəlb etmək üçün nəzərdə tutulan bu zona, investorlar üçün prosedurları sadələşdirmək məqsədilə yaratdığı "vahid pəncərə" yanaşması da daxil olmaqla, xüsusi hüquqi və tənzimləyici çərçivə əsasında fəaliyyət göstərir”,- deyə o bildirib.
Qeyd edək ki, Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya
Forumu keçirilir.
2 gün davam edəcək forum İqtisadiyyat Nazirliyi və Nazirliyin
tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi
Agentliyinin-AZPROMO-nun təşkilatçılığı, Avropa Evi-“Ambrosetti”nin
strateji tərəfdaşlığı ilə baş tutur.
Tədbir çərçivəsində təşkil olunacaq plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi strateji mövzular müzakirə olunacaq.
