27 Sentyabr xalqımızın qəhrəmanlıq və milli birlik tarixidir – RƏY

Siyasət Xəbər 25 Sentyabr 2026 13:30 (UTC +04:00)
27 Sentyabr xalqımızın qəhrəmanlıq və milli birlik tarixidir – RƏY
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının tarixində xüsusi mənəvi və tarixi əhəmiyyət daşıyan gündür. Bu tarix Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsinin dərin ehtiramla yad edildiyi, eyni zamanda xalqımızın birliyinin, iradəsinin və Vətən sevgisinin bir daha nümayiş olunduğu gündür.

Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları 44 gün davam edən Vətən müharibəsinə çevrildi: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında böyük qəhrəmanlıq göstərərək uzun illər işğal altında qalmış torpaqlarımızı azad etdi. Azərbaycan xalqı həmin günlərdə Ordumuzun ətrafında sıx birləşərək dünyaya sarsılmaz həmrəylik nümunəsi göstərdi.

Vətən müharibəsində əldə edilən tarixi Qələbənin arxasında Azərbaycan əsgərinin şücaəti, zabitlərimizin peşəkarlığı, xalqımızın milli iradəsi və ən əsası, Vətən uğrunda həyatını fəda edən şəhidlərimizin qəhrəmanlığı dayanır. Buna görə də biz bu Qələbədən danışarkən onun hansı böyük fədakarlıqlar hesabına əldə edildiyini heç vaxt unutmamalıyıq.

Şəhidlərimizin hər biri Azərbaycanın qəhrəmanlıq tarixində əbədi yaşayacaq. Onlar yalnız torpaqlarımızın azadlığı uğrunda döyüşmədilər, gələcək nəsillərə qalib və güclü Azərbaycan miras qoydular. Bu gün azad edilmiş torpaqlarımızda Azərbaycan Bayrağının dalğalanması onların Vətən qarşısında misilsiz xidmətinin nəticəsidir".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi də şəhidlərimizin xatirəsinə dövlət səviyyəsində göstərilən sonsuz ehtiramın ifadəsidir: "Hər il bu tarixdə bütün Azərbaycan şəhidlərimizin qarşısında baş əyir, onların qəhrəmanlığını və Vətən qarşısındakı xidmətlərini minnətdarlıqla xatırlayır.

Azərbaycan dövləti şəhid ailələrinin və qazilərimizin yanında olmağı özünün mühüm vəzifələrindən biri hesab edir. Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, qazilərimizin sosial müdafiəsinin gücləndirilməsi, onların müalicə və reabilitasiyası istiqamətində həyata keçirilən tədbirlər dövlətimizin bu məsələyə verdiyi yüksək önəmin göstəricisidir.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq və bərpa işləri, insanların öz doğma yurdlarına qayıtması da uğrunda mübarizə apardığımız böyük məqsədlərin həyata keçməsinin təzahürüdür. Vaxtilə işğal altında olan torpaqlarda indi yeni yollar, yaşayış məntəqələri və sosial infrastruktur yaradılır, həyat yenidən canlanır.

27 Sentyabr həm kədər, həm qürur, həm də milli yaddaş günüdür. Biz şəhidlərimizin əziz xatirəsini daim yaşatmalı, onların Vətənə sədaqətini gələcək nəsillərə örnək göstərməliyik. Çünki bugünkü güclü və qalib Azərbaycanın tarixində onların əvəzsiz payı vardır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti