Qırğızıstan Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxış imkanlarını genişləndirmək istəyir (ÖZƏL)

İqtisadiyyat Xəbər 25 Sentyabr 2026 13:44 (UTC +04:00)
Qırğızıstan Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxış imkanlarını genişləndirmək istəyir (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Qırğız Respublikası üçün Avropaya çıxış baxımından mühüm tərəfdaş, Qırğızıstan isə Mərkəzi Asiyada Azərbaycan üçün yerli tərəfdaş rolunu oynaya bilər.

Bunu Qırğız Respublikası Prezidentinin yanında Milli İnvestisiya Agentliyinin rəhbər müavini Damirbek Bikulov cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Qırğızıstan arasında ticarət, investisiya və müxtəlif iqtisadi sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur.

“Azərbaycan bizim üçün Avropaya açılan qapıdır, Qırğızıstan isə Mərkəzi Asiyada yerli tərəfdaş ola bilər. Düşünürəm ki, bizim yaxşı imkanlarımız var. Biz birgə istehsal, o cümlədən üzvi məhsulların istehsalı sahəsində əməkdaşlıq edə bilərik”, - D.Bikulov bildirib.

O qeyd edib ki, Azərbaycanın infrastruktur və enerji sektorlarında böyük potensialı var və bu sahələr iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən ola bilər.

“Azərbaycanın infrastruktur və enerji sektorlarında yaxşı imkanları olduğunu görürük. Bu gün deyə bilərəm ki, biz bir komanda, böyük bir komanda kimi çalışmalıyıq. Hər iki ölkənin potensialı var və bütün prioritetlərimizi və imkanlarımızı birləşdirsək, bu, bizim üçün faydalı olacaq”, - deyə agentlik rəhbərinin müavini vurğulayıb.

D.Bikulov Azərbaycan–Qırğızıstan İnkişaf Fondunun iki ölkə arasında konkret layihələrin həyata keçirilməsi üçün mühüm mexanizm olduğunu bildirib.

“Bizim praktiki nümunəmiz də var – Azərbaycan–Qırğızıstan İnkişaf Fondu. Bu fond vasitəsilə turizm, aqrar sektor və ağır sənaye sahələrində bir çox layihələri praktik olaraq həyata keçirə bilərik. Düşünürəm ki, bu imkanlar realdır”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu da iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.

“Bu tədbir bizim üçün çox faydalıdır. Azərbaycan Asiya ilə Avropanı birləşdirən ölkədir. Düşünürəm ki, bu imkanlardan istifadə etməklə güclü ölkələr qura bilərik”, - D.Bikulov bildirib.

Qırğızıstan rəsmisi Azərbaycan və Qırğızıstan üçün Orta Dəhlizin əhəmiyyətinə də toxunub. O bildirib ki, Azərbaycanın Orta Dəhlizdə mühüm rol oynamaq üçün böyük potensialı var.

“Azərbaycanın bu baxımdan çox böyük potensialı var. Məsələn, Ələt Azad İqtisadi Zonasının geniş imkanları mövcuddur. Azərbaycan dəmir yolları və avtomobil yolları vasitəsilə böyük imkanlara malikdir və bizim üçün, xüsusilə də Mərkəzi Asiya və Qırğızıstan baxımından əsas prioritet ölkələrdən biridir”, - deyə D.Bikulov vurğulayıb.

O qeyd edib ki, Azərbaycan vasitəsilə Qırğızıstanın ixrac imkanlarının genişləndirilməsi mümkündür.

“Biz Azərbaycan vasitəsilə öz ixrac potensialımızı inkişaf etdirə bilərik. Buna görə də Azərbaycanla əməkdaşlığın Orta Dəhliz çərçivəsində daha da genişləndirilməsi bizim üçün mühüm əhəmiyyət daşıyır”, - deyə D.Bikulov əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti