Bakı. Trend:
Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxması üçün əhəmiyyətli potensial mövcuddur və bunun üçün müvafiq kapital bazarı ekosisteminin formalaşdırılması vacibdir.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu London Fond Birjasının Avropa üzrə İlkin Bazarlar üzrə rəhbəri (Böyük Britaniya) Ayuna Neçayeva cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
Onun sözlərinə görə, kapital bazarlarının inkişafı iqtisadiyyatın böyüməsi və şaxələndirilməsi, eləcə də investisiya portfellərinin genişləndirilməsi baxımından mühüm rol oynayır.
“Azərbaycan şirkətlərinin yerli və beynəlxalq kapital bazarlarından vəsait cəlb etməsi yalnız şirkətə investisiya yatırmaq və ya investisiya portfelini şaxələndirmək məqsədi daşımır. Bu, həm də beynəlxalq nüfuz və görünürlük, birləşmə və satınalma əməliyyatlarında səhmlərdən istifadə etmək və uzunmüddətli dəyər yaratmaq baxımından əhəmiyyətlidir”, - deyə A.Neşayeva bildirib.
O qeyd edib ki, investorların səhmləri rahat şəkildə alıb-sata bilməsi üçün bazarda davamlı likvidliyin təmin edilməsi və bunun üçün müvafiq ekosistemin yaradılması vacibdir.
“Bunun üçün düzgün ekosistem formalaşdırılmalıdır. Səmərəli fəaliyyət göstərən kapital bazarı şirkətlərin uğur qazana biləcəyi mühitdir”, - deyə London Fond Birjasının nümayəndəsi vurğulayıb.
A.Neşayeva bildirib ki, kapital bazarlarının inkişafında yalnız fond birjasının fəaliyyəti deyil, qanunvericilik və dövlət dəstəyi də mühüm əhəmiyyət daşıyır.
“Bakı Fond Birjası nələrin baş verməli olduğunu çox yaxşı bilir. Onların öz alətləri və yaxşı strategiyaları var. Bununla yanaşı, xarici amillər də prosesə cəlb olunmalıdır. Milli səviyyədə düzgün qanunvericiliyin formalaşdırılması, əsas qurumlar və hökumət tərəfindən lazımi dəstəyin göstərilməsi real dəyişiklik yarada bilər”, - deyə o qeyd edib.
London Fond Birjasının nümayəndəsi Azərbaycanın kapital imkanlarının geniş olduğunu və ölkədə səhm kapitalının çatışmazlığının olmadığını bildirib.
“Azərbaycan kifayət qədər kapitallaşmış ölkədir. Burada səhm kapitalının çatışmazlığı yoxdur. Milli borcun səviyyəsinin aşağı olması da təsadüfi deyil”, - deyə A.Neşayeva bildirib.
O vurğulayıb ki, kapital bazarlarının formalaşdırılması uzunmüddətli prosesdir.
“London Fond Birjasının 300 ildən artıq yaşı var. Səmərəli fəaliyyət göstərən kapital bazarlarının formalaşması vaxt tələb edir. Bu, bir gecədə baş verən proses deyil. Əsas məsələ isə dialoqun qurulmasıdır”, - deyə o əlavə edib.
A.Neşayeva London Fond Birjasının Transxəzər regionu, Mərkəzi Asiya və digər inkişaf etməkdə olan bazarlardakı fond birjaları ilə əməkdaşlıq etdiyini bildirib.
O, Bakı Fond Birjası və London Fond Birjası arasında ikili listinq imkanlarının müzakirə edildiyini qeyd edib.
“İkili listinq imkanlarından danışırıq. Qazaxıstanda isə Astana Beynəlxalq Birjası və London Fond Birjası arasında belə imkan mövcuddur”, - deyə A.Neşayeva bildirib.
Onun sözlərinə görə, iri ilkin kütləvi təkliflər (IPO) zamanı yerli investorların beynəlxalq maliyyə institutları ilə eyni çıxış imkanlarına malik olması vacibdir.
“İri və mühüm IPO həyata keçirilərkən yerli investorların da beynəlxalq maliyyə institutları ilə eyni şəkildə bu mühüm hadisədə iştirak etmək imkanının olması çox vacibdir”, - deyə o vurğulayıb.
A.Neşayeva fond birjasının şirkətlərin uzunmüddətli uğurunda maraqlı olduğunu bildirib.
“Biz investisiya banklarından və digər bazar iştirakçılarından fərqliyik. Biz bazarın fəaliyyət göstərdiyi infrastrukturu təmin edirik. Bununla yanaşı, şirkətlərin uzunmüddətli uğurunda maraqlıyıq”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, şirkətlər kapital bazarına hazır olmadan IPO həyata keçirməyə təşviq edilməməlidir.
“Biz şirkətləri bazara hazır olmadan çıxmağa sövq etmirik. Həmişə onların uğurlu olmasına və uzunmüddətli uğurları ilə bizim maraqlarımızın üst-üstə düşməsinə diqqət yetiririk”, - deyə A.Neşayeva əlavə edib.
