Bakı.Trend:
Orta Dəhlizin rəqabət qabiliyyətliliyinə kompleks şəkildə baxılmalıdır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Türkmənistanın Maliyyə və İqtisadiyyat nazirinin müavini Perhat Yagshiev cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutan “Orta Dəhliz: Regional ticarət, əlaqələr və dəyər zəncirləri” adlı panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, söhbət yalnız infrastrukturyönümlü ayrı-ayrı sahələrin inkişafından getmir, həm də vahid, uzlaşdırılmış və proqnozlaşdırılan nəqliyyat-logistika sisteminin yaradılmasından gedir.
“Birincisi, fiziki infrastruktur - dəmir yolu, avtomobil marşrutlarının, limanların, terminalların və logistika mərkəzlərinin gələcək inkişafı təmin edilməli və modernləşdirilməlidir. Marşrutun bütün sahələrində kifayət qədər buraxılış qabiliyyətinin təmin edilməsinə xüsusi diqqət yetirilməlidir.
İkincisi, daşımaların sürəti və proqnozlaşdırılan olması artırılmalıdır. Biznes üçün yalnız daşınma xərcləri deyil, həm də müddətləri dəqiq proqnozlaşdırmaq imkanı vacibdir. Bura tarif siyasətinin, cədvəllərin, yüklərin emalı prosedurlarının uzlaşdırılması və marşrutun bütün operatorları arasında qarşılıqlı əlaqə üzrə işlərin davam etdirilməsi daxildir”,- deyə o bildirib.
Nazir müavini əlavə edib ki, vahid rəqəmsal məkanın yaradılması, elektron sənəd dövriyyəsi, gömrük orqanlarının öncədən məlumatlandırılması, eləcə də limanların, dəmir yollarının və digər iştirakçıların informasiya sistemlərinin inteqrasiyası yüklərin keçid müddətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcəkdir.
“Türkmənistan öz tərəfindən dəniz, dəmir yolu, avtomobil və rəqəmsal infrastrukturun inkişafını beynəlxalq nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılmasının vacib tərkib hissəsi kimi dəyərləndirir. Əminəm ki, bütün dövlətlərin və bazar iştirakçılarının uzlaşdırılmış fəaliyyəti Orta Dəhlizi dayanıqlı, səmərəli və rəqabətədavamlı ticarət magistralına çevirməyə imkan verəcəkdir”,- deyə o vurğulayıb.
Qeyd edək ki, Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. 2 gün davam edəcək forum İqtisadiyyat Nazirliyi və Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı, Avropa Evi-“Ambrosetti”nin strateji tərəfdaşlığı ilə baş tutur.
Tədbir çərçivəsində təşkil olunacaq plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi strateji mövzular müzakirə olunacaq.
