Bakı.Trend:
Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuraliyev sentyabrın 24-də Xəzər dənizinin sahilində keçirilən hərbi təlimlər zamanı hərbçilərin faciəvi ölümü ilə bağlı başsağlığı verib.
Bu barədə TDT-nin məlumatında deyilir.
“Mən Qazaxıstan Respublikasının Hərbi Dəniz Qüvvələri tərəfindən Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı insanların faciəvi şəkildə həlak olması xəbərini dərin kədərlə qarşıladım.
Türk Dövlətləri Təşkilatının Katibliyi adından və şəxsən öz adımdan həlak olan hərbçilərin ailələrinə və yaxınlarına, həmçinin qardaş Qazaxıstan xalqına və hökumətinə dərin hüznlə başsağlığı verirəm.
Bu ağır zamanda düşüncələrimiz qazaxıstanlı qardaş və bacılarımızladır. Qardaş Qazaxıstanla həmrəy olduğumuzu bildirir və bu faciəli hadisənin doğurduğu kədəri bölüşürük. Həmçinin xəsarət alan bütün hərbçilərə tezliklə və tam sağalmalarını arzulayıram”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, sentyabrın 24-də təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı havanın qəfil və kəskin pisləşməsi nəticəsində 17 Qazaxıstan hərbçisi açıq dənizə sürüklənib. Hərbçilərdən üçü xilas edilib, 14-ü isə həlak olub.
Hadisədən sonra Qazaxıstanın baş naziri Mangistau vilayətində hərbçilərin həlak olmasının səbəblərinin araşdırılması üçün hökumət komissiyasının yaradılmasını tapşırıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev faciə ilə əlaqədar sentyabrın 25-ni ölkə üzrə milli matəm günü elan edib.
