2026-cı ildə Azərbaycanın tranzit yükdaşımaları 16 milyon tonu ötəcək - Nazir müavini

İqtisadiyyat Xəbər 25 Sentyabr 2026 13:58 (UTC +04:00)
2026-cı ildə Azərbaycanın tranzit yükdaşımaları 16 milyon tonu ötəcək - Nazir müavini
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın tranzit yükdaşımalarının həcminin 2026-cı ildə 16 milyon tonu ötəcəyi gözlənilir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.

O bildirib ki, hazırda nəqliyyat sahəsində əsas məsələ yalnız kifayət qədər daşıma gücünün yaradılması deyil, həm də alternativ bağlantıların, şaxələndirilmiş təchizat zəncirlərinin və dəyişən şəraitdə, o cümlədən geosiyasi dəyişikliklər dövründə yüklərin fasiləsiz və etibarlı hərəkətini təmin edən marşrutların formalaşdırılmasıdır.

“Bu kontekstdə Orta Dəhliz digər nəqliyyat marşrutları ilə müqayisədə dayanıqlığını və sabitliyini nümayiş etdirib. Dəhliz Şərq-Qərb bağlantısının qorunması üçün etibarlı alternativ təqdim edir”, - deyə nazir müavini qeyd edib.

R.Hümmətovun sözlərinə görə, Orta Dəhlizin strateji əhəmiyyəti son illərdə daha aydın görünsə də, Azərbaycan bu marşrutun əhəmiyyətini daha əvvəl dərk edib.

“Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan Orta Dəhlizin mərkəzində strateji mövqeyə sahibdir. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinə sadiqliyimiz onilliklər əvvələ gedib çıxır. 1998-ci ildə Bakıda keçirilmiş TRACECA Sammiti regional nəqliyyat əməkdaşlığı üçün mühüm çərçivə yaradıb”, - deyə o əlavə edib.

Nazir müavini bildirib ki, Azərbaycan dəhlizin inkişafına kompleks yanaşma tətbiq edərək həm fiziki, həm də “yumşaq” infrastruktura diqqət yetirir.

Onun sözlərinə görə, bu yanaşma Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və hazırda inşa edilən Horadiz-Ağbənd dəmir yolu kimi iri infrastruktur layihələrinə yatırılan investisiyalarda öz əksini tapıb.

“Bu layihələr Orta Dəhlizin əsas dayaqlarıdır. Bu nəqliyyat infrastrukturunun üzərində biz Ələt ətrafında daha geniş logistika və iqtisadi ekosistem də formalaşdırırıq. Yeni Ələt Yük Hava Limanı hava yükdaşımaları komponentini əlavə etməklə Ələtin multimodal bağlantılarını daha da gücləndirəcək və Ələt Azad İqtisadi Zonasının inkişafına dəstək verəcək”, - R.Hümmətov deyib.

O vurğulayıb ki, Azərbaycanın məqsədi yalnız tranzit ölkə olmaqla məhdudlaşmır.

“Daha geniş yanaşma nəqliyyat bağlantılarını logistika, ticarət, istehsal və investisiyalarla əlaqələndirməyə, Azərbaycanın daha geniş iqtisadi mərkəzə çevrilməsinə imkan verəcək”, - deyə nazir müavini bildirib.

R.Hümmətov qeyd edib ki, həyata keçirilən kompleks yanaşma artıq konkret nəticələr verir. Onun sözlərinə görə, Azərbaycanın tranzit ticarətinin həcmi son illərdə əhəmiyyətli dərəcədə artıb.

“2026-cı ildə tranzit ticarətimizin 16 milyon tondan çox olacağını gözləyirik. Bu, pandemiyadan əvvəlki 2019-cu ildəki göstəricidən təxminən üç dəfə çoxdur”, - deyə o bildirib.

Nazir müavini Orta Dəhliz üzrə yükdaşımaların da artacağını qeyd edib. Onun sözlərinə görə, 2026-cı ildə Orta Dəhliz üzrə yükdaşımaların həcminin təxminən 5,5 milyon tona çatacağı, Çindən yola düşən müntəzəm konteyner qatarlarının sayının isə təxminən 600-ə yüksələcəyi gözlənilir.

O əlavə edib ki, beynəlxalq təşkilatların proqnozlarına əsasən, 2030-cu ilə qədər Orta Dəhliz üzrə yükdaşımaların həcmi təxminən 11 milyon tona, konteyner tranzitinin isə illik 900 min TEU-ya çata bilər.

R.Hümmətov bildirib ki, Azərbaycan Orta Dəhlizin həm coğrafi əhatəsini, həm də ötürücülük qabiliyyətini genişləndirir.

“TRIPP bağlantı layihəsi üçün çərçivə yaradan Vaşinqton Birgə Bəyannaməsi bu prosesə əlavə təkan verib. Bu bağlantı fəaliyyətə başladıqdan sonra Orta Dəhliz daxilində tamamlayıcı marşrut kimi çıxış edəcək və ildə 15 milyon tona qədər əlavə ticarət imkanları yaradacaq”, - deyə o qeyd edib.

Nazir müavini vurğulayıb ki, yeni bağlantıların tam səmərəsini əldə etmək üçün dəhlizin digər hissələrində də əsas infrastruktur layihələrinin tamamlanması vacibdir.

Onun sözlərinə görə, Türkiyədə Kars-Dilucu dəmir yolu Zəngəzur bağlantısının davamını təmin edərək Avropa istiqamətində əlaqələri gücləndirəcək. Şərq istiqamətində isə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Çin ilə Mərkəzi Asiya arasında dəmir yolu bağlantısını möhkəmləndirəcək.

“Bu layihələr birlikdə daha inteqrasiya olunmuş, şaxələndirilmiş və dayanıqlı Şərq-Qərb nəqliyyat şəbəkəsinin formalaşmasına töhfə verəcək”, - deyə R.Hümmətov bildirib.

O qeyd edib ki, Orta Dəhliz hazırda mühüm infrastruktur layihələrinin planlaşdırıldığı və tamamlandığı yeni mərhələyə daxil olur.

Nazir müavini bununla yanaşı, dəhlizin səmərəliliyinin artırılması üçün “yumşaq” infrastrukturun da gücləndirilməsinin vacibliyini vurğulayıb.

“İnfrastruktur imkanlarını yüklərin daha sürətli və proqnozlaşdırılan hərəkətinə çevirmək üçün dəhlizin yumşaq infrastrukturunu da gücləndirməliyik. Etibarlılıq, tranzit müddəti, şəffaf qiymət siyasəti və bütün marşrut üzrə məsuliyyət eyni dərəcədə vacibdir”, - deyə o bildirib.

R.Hümmətov Azərbaycanın artıq fəaliyyət göstərən və mərhələli şəkildə genişləndirilən rəqəmsal “vahid pəncərə” sisteminin əsas nəqliyyat, ticarət və tranzit xidmətlərini inteqrasiya etdiyini söyləyib.

Onun sözlərinə görə, bu sistem gecikmələrin azaldılmasına və səmərəliliyin artırılmasına xidmət edir. Lakin bu imkanların tam reallaşdırılması üçün Orta Dəhliz boyunca bütün ölkələrdə analoji inkişafın təmin edilməsi və proseslərin daha yaxşı əlaqələndirilməsi tələb olunur.

“İnfrastrukturun inkişafı, nəqliyyat qrafikləri, sərhəd prosedurları və məlumat mübadiləsi əlaqələndirilmiş şəkildə irəliləməlidir. Dəhlizin bir hissəsində əldə olunan irəliləyiş digər hissələrdə də müvafiq təkmilləşdirmələrlə müşayiət olunmalıdır”, - deyə nazir müavini qeyd edib.

R.Hümmətov bildirib ki, bu istiqamətdə praktiki addımlardan biri Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəmir yolu operatorlarını bir araya gətirən Orta Dəhliz üzrə multimodal birgə müəssisənin yaradılması olub. Daha sonra Çin də bu əməkdaşlığa qoşulub.

“Bu gün biz əməkdaşlığı daha bir mərhələ irəli apararaq yeni çoxtərəfli təşəbbüs üzərində işləyirik. Məqsəd daha güclü yüksək səviyyəli institusional əməkdaşlıq çərçivəsi yaratmaq və iştirakçı ölkələr arasında koordinasiyanı yaxşılaşdırmaqdır”, - deyə o bildirib.

Nazir müavini qeyd edib ki, qarşıdakı dövrdə əsas məqsəd Orta Dəhlizi daha səmərəli, proqnozlaşdırılan və rəqabətqabiliyyətli marşruta çevirməkdir.

“Birgə fəaliyyət göstərməklə Orta Dəhlizin Asiya ilə Avropanı birləşdirən uzunmüddətli və etibarlı Şərq-Qərb ticarət və logistika platformasına çevrilməsini təmin edə bilərik”, - deyə R.Hümmətov vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti