Bakı. Trend:
Kapital bazarlarının inkişafı Azərbaycanın iqtisadiyyatının böyüməsi və şaxələndirilməsi, eləcə də şirkətlərin maliyyələşmə imkanlarının genişləndirilməsi baxımından mühüm rol oynaya bilər.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu “Standard Chartered Bank”ın (Böyük Britaniya) İnkişaf və Agentlik Maliyyəsi üzrə icraçı direktoru Desislava Radeva cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
O bildirib ki, ənənəvi olaraq əhalinin əhəmiyyətli hissəsi vəsaitlərini bank depozitlərində saxlamağa üstünlük verir. Lakin səhm bazarları həm sərvətin bölüşdürülməsi, həm pərakəndə investorlar üçün gəlirlilik imkanlarının artırılması, həm də investisiya portfellərinin genişləndirilməsi baxımından əhəmiyyətlidir.
“Kapital bazarları iqtisadiyyatın böyüməsi və şaxələndirilməsində böyük rol oynayır. Səmərəli fəaliyyət göstərən kapital bazarları investisiya portfellərinin, o cümlədən milli fondların portfellərinin genişləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır”, - deyə D.Radeva qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda kapital bazarlarının inkişafı üçün yalnız Bakı Fond Birjasının fəaliyyəti deyil, həm də müvafiq qanunvericilik və dövlət qurumlarının dəstəyi vacibdir.
“Bakı Fond Birjası nələrin baş verməli olduğunu çox yaxşı bilir. Onların öz alətləri və yaxşı strategiyaları var. Düşünürəm ki, xarici amillər də prosesə daxil olmalıdır. Milli səviyyədə düzgün qanunvericilik, müxtəlif əsas qurumların və hökumətin lazımi dəstəyi real dəyişiklik yarada bilər”, - deyə o bildirib.
D.Radeva Azərbaycanın kapital imkanlarının geniş olduğunu vurğulayıb.
“Biz burada kifayət qədər kapitallaşmış Azərbaycandan danışırıq. Ölkədə səhm kapitalı çatışmazlığı yoxdur. Milli borcun səviyyəsinin çox aşağı olması da təsadüfi deyil”, - deyə o qeyd edib.
O bildirib ki, Azərbaycan şirkətlərinin yerli və ya beynəlxalq kapital bazarlarından vəsait cəlb etməsi yalnız yeni investisiyaların maliyyələşdirilməsi məqsədi daşımır.
“Bu, həm də beynəlxalq nüfuz və görünürlük, birləşmə və satınalma əməliyyatlarında nağd vəsait əvəzinə səhmlərdən istifadə etmək, uzunmüddətli dəyər yaratmaq və investorların bazara daxil olub çıxmasını asanlaşdıran davamlı likvidlik əldə etmək baxımından əhəmiyyətlidir. Bunun üçün düzgün ekosistem formalaşdırılmalıdır”, - deyə D.Radeva vurğulayıb.
Onun sözlərinə görə, səmərəli kapital bazarlarının formalaşdırılması uzunmüddətli prosesdir.
“London Fond Birjasının 300 ildən artıq yaşı var. Səmərəli
fəaliyyət göstərən kapital bazarlarının yaradılması vaxt tələb
edir. Bu, bir gecədə baş verən proses deyil. Əsas məsələ isə
dialoqun qurulmasıdır”, - deyə "Standard Chartered" nümayəndəsi
bildirib.
D.Radeva qeyd edib ki, “Standard Chartered” Transxəzər regionu,
Mərkəzi Asiya və digər inkişaf etməkdə olan bazarlardakı beynəlxalq
fond birjaları ilə əməkdaşlıq edir.
O, Bakı Fond Birjası ilə London Fond Birjası arasında ikili listinq
imkanlarının da əhəmiyyətini qeyd edib.
“İri və mühüm IPO həyata keçirilərkən yerli investorların beynəlxalq maliyyə institutları ilə eyni çıxış imkanlarına malik olması çox vacibdir”, - deyə D.Radeva bildirib.
Onun sözlərinə görə, fond birjaları investisiya banklarından və digər bazar iştirakçılarından fərqli olaraq şirkətlərin uzunmüddətli uğurunda maraqlıdır.
“Biz investisiya banklarından və digər bazar iştirakçılarından
çox fərqliyik. Biz bazarın fəaliyyət göstərdiyi infrastrukturu
təmin edirik. Bununla yanaşı, şirkətlərin uzunmüddətli uğurunda
maraqlıyıq. IPO başa çatdıqdan sonra banklar və hüquqşünaslar
prosesdən ayrılır, emitent və birja isə qalır”, - deyə o qeyd
edib.
D.Radeva vurğulayıb ki, şirkətlərin kapital bazarlarına hazırlıqsız
çıxarılması məqsədəuyğun deyil.
“Biz şirkətləri bazara hazır olmadan çıxmağa heç vaxt sövq etmirik. Həmişə onların uğurlu olmasına və uzunmüddətli uğurları ilə bizim maraqlarımızın üst-üstə düşməsinə diqqət yetiririk. Səmərəli kapital bazarı şirkətlərin uğur qazana biləcəyi mühitdir”, - deyə o əlavə edib.
