Bakı. Trend:
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir.
Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ölkəmizin ərazisində yerləşən Kürmük məbədinə dair Gürcüstan Patriarxlığının açıqlaması ilə bağlı bəyanatında qeyd edilib.
Bildirilib ki, Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində
yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan
ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban
qonşuluq münasibətlərinin ruhuna ziddir.
"Azərbaycan ərazisində yerləşən coğrafi və tarixi toponimlərin
digər adlarla təqdim edilməsi qəbuledilməzdir.
Azərbaycan hər zaman Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə
hörmətlə yanaşıb. Eyni zamanda, Gürcüstan tərəfinin də Azərbaycanın
ərazi bütövlüyünə və suverenliyinə eyni münasibət sərgiləməsi iki
ölkə arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin
mühüm əsasını təşkil edir.
Məhz bu baxımdan, Gürcüstan Patriarxlığının Azərbaycanın ərazi
bütövlüyünə və suverenliyinə münasibətdə ərazi iddialarını ehtiva
edən yanaşması anlaşılan deyil.
Dini qurumların Azərbaycan və Gürcüstan xalqları arasında əsrlər
boyu formalaşmış tarixi dostluq və mehriban qonşuluq
münasibətlərinə xələl gətirə biləcək yanaşmalardan çəkinməsi
vacibdir.
Bununla əlaqədar, Gürcüstan Patriarxlığı tərəfindən Ermənistan
kilsəsinin məlum yanaşmalarının təkrarlanması və onun yolu ilə
gedilməsi məsləhət görülmür.
Azərbaycan ərazisində mövcud olan bütün tarixi, mədəni və dini
abidələr Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli irsinin
ayrılmaz tərkib hissəsidir", - deyə bəynatda qeyd edilib.
