Bakı.Trend:
Naxçıvan vasitəsilə elektrik enerjisi əlaqəsi yeni imkanlar açacaq.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutan “Regional enerji əlaqələri və yaşıl keçid: Çətinliklər və imkanlar”adlı panel müzakirəsində çıxışı zamanı deyib.
"Azərbaycanın Naxçıvan vasitəsilə elektrik enerjisi əlaqəsinin
inkişafı strateji əhəmiyyət daşıyır. Mərhələli şəkildə ilkin ötürmə
gücü 1 giqavat olacaq bu layihə ölkələrimizin enerji sistemləri
arasında yeni əlaqə yaradacaq. Bu, gələcəkdə həm də Azərbaycanın
digər bölgələrində və Mərkəzi Asiyada istehsal olunan yaşıl
elektrik enerjisinin Zəngəzur dəhlizi vasitəsilə Türkiyə və Avropa
bazarlarına çatdırılması üçün əlavə imkanlar açacaq.
Bu layihələrin birgə strateji əhəmiyyəti onların hər birinin
ayrı-ayrılıqda təqdim etdiyi imkanlardan qat-qat üstündür. Əsas
məqsədimiz bu enerji dəhlizlərini bir-birinə bağlamaq, Mərkəzi
Asiyadan Avropaya qədər uzanan inteqrasiya olunmuş və
şaxələndirilmiş elektrik enerjisi şəbəkəsi yaratmaqdır", - deyə o
qeyd edib.
P. Şahbazov bildirib ki, enerji və nəqliyyat dəhlizləri, fiber-optik xətlər və elektrik şəbəkələrinin bağlantıları qlobal sistemin yeni arteriyalarına çevrilir.
Onu sözlərinə görə, ötən əsrin enerji xəritəsi neft və qaz yataqlarının coğrafiyası və boru kəmərlərinin marşrutları ilə formalaşdığı halda, 21-ci enerji xəritəsi elektrik şəbəkələri, enerjinin saxlanılması sistemləri və ölkələri, regionları və qitələri birləşdirən yaşıl enerji dəhlizləri vasitəsilə yenidən cızılır.
“Rəqəmsallaşma və elektrifikasiya nəticəsində artan enerji tələbatı, bərpa olunan enerji mənbələrinin tətbiqi ilə onların şəbəkəyə inteqrasiyası arasında böyüyən fərq və enerji təhlükəsizliyini təmin etmək zərurəti elektrik bağlantılarını və sərhədlərarası enerji əlaqələrini yalnız burada deyil, bütün dünyada strateji prioritetə çevirir.
Dünyada 2500 giqavatdan çox enerji, sənaye və infrastruktur layihələrinin şəbəkəyə qoşulma gözləməsi faktı şəbəkə infrastrukturunun möhkəmləndirilməsinə və yaşıl enerji keçidini sürətləndirmək üçün regional bağlantılara olan təcili ehtiyacı vurğulayır”,- deyə o qeyd edib.
Nazir bildirib ki, gələcəyin enerji təhlükəsizliyi yalnız ölkələrin malik olduğu enerji resursları ilə mühakimə olunmayacaq, həm də bu resursları birləşdirmək, enerji sistemləri arasında etibarlı əlaqələr qurmaq və ortaq enerji gələcəyimizi formalaşdırmaq qabiliyyəti ilə müəyyən ediləcək.
“Biz özəl sektoru, beynəlxalq maliyyə institutlarını və enerji şirkətlərini regional enerji əlaqələrinin inkişafında fəal iştirak etməyə və yeni yaranan yaşıl enerji bazarının təqdim etdiyi imkanlardan birgə faydalanmağa dəvət edirik”,- deyə o bildirib.
Qeyd edək ki, Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. 2 gün davam edəcək forum İqtisadiyyat Nazirliyi və Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı, Avropa Evi-“Ambrosetti”nin strateji tərəfdaşlığı ilə baş tutur.
Tədbir çərçivəsində təşkil olunacaq plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi strateji mövzular müzakirə olunacaq.
