Azərbaycan son 6 ildə Qarabağ və Şərqi Zəngəzura 25 milyard dollar investisiya yatırıb

İqtisadiyyat Xəbər 25 Sentyabr 2026 16:56 (UTC +04:00)
Azərbaycan son 6 ildə Qarabağ və Şərqi Zəngəzura 25 milyard dollar investisiya yatırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan son 6 ildə Qarabağ və Şərqi Zəngəzura 25 milyard dollar investisiya yatırıb.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu cümə günü Azərbaycanın maliyyə naziri Sahil Babayev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.

“Biz infrastruktur qururuq, yaşayış evləri tikirik və azərbaycanlı əhalinin, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasını və orada layiqli həyat şəraitinin təmin olunmasını təmin etməyə çalışırıq”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, ölkənin digər regionlarına və infrastrukturun yenilənməsinə yönəlmiş layihələrə 16 milyard manat ayrılıb.

“Büdcə xərcləri iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş dövlət proqramlarına sərf olunacaq. Turizm sektorunun, kənd təsərrüfatının, sənayenin, rəqəmsallaşmanın gələcək inkişafı və əlbəttə ki, iqtisadi fəallığın ümumi dəstəklənməsi üçün aidiyyəti təşkilatlar, nazirliklər və qurumlarla fəal şəkildə işləyirik”, - deyə o bildirib.

S.Babayevin sözlərinə görə, yaxın illərdə bu istiqamətlərə təxminən 3 milyard dollar ayrılacaq.

O həmçinin qeyd edib ki, Azərbaycanın makroiqtisadi və makrofiskal göstəriciləri dayanıqlıdır, ölkə iqtisadiyyatının son illərdə artımı sabit olub.

“2021–2025-ci illərdə Azərbaycanın ÜDM-nin nominal artımı 6 faizdən çox olub. Təxminən 20–25 il əvvəl Azərbaycanın ÜDM-nin böyük hissəsi neft-qaz sektorunda formalaşırdısa, bu gün ÜDM-in formalaşmasında qeyri-neft iqtisadiyyatının payı 70 faizdən çoxdur. Bu göstərici artmaqda davam edəcək, Azərbaycanın neft gəlirlərindən asılılığı isə azalacaq”, - deyə o bildirib.

S.Babayev bildirib ki, son iki ildə Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertləri təxminən 10 faiz azaltmağa nail olub.

“Qarşıdakı üç ildə onları daha 20 faiz azaltmağı planlaşdırırıq və 2030-cu ilin sonuna Azərbaycanın dövlət büdcəsi gəlirlərinin neft gəlirlərindən asılılığının yalnız 30 faiz təşkil etdiyi, gəlirlərin 70 faizinin isə iqtisadiyyatın qeyri-neft sektorundan formalaşdığı göstəriciyə nail olmağı qarşıya məqsəd qoyuruq”, - deyə nazir bildirib.

O həmçinin qeyd edib ki, Azərbaycanın dövlət büdcəsinin profisiti son beş il ərzində ÜDM-in 3 faizindən çox olub.

S.Babayevin sözlərinə görə, Azərbaycan dövlət büdcəsinin qeyri-neft ilkin kəsirinin azaldılması istiqamətində də iş aparır. Bu göstəricini 22–23 faizdən 2026-cı ilin yekunları üzrə proqnozlaşdırılan 17 faizə qədər azaltmaq mümkün olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti