“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib (FOTO/VİDEO)

Siyasət Xəbər 25 Sentyabr 2026 16:53 (UTC +04:00)
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib (FOTO/VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

“Bakı Şəbəkəsi” Araşdırmalar və Təhlil İctimai Birliyi (Baku Network) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri ilə görüş keçirib.

Görüşdə Trend BİA-nın direktor müavini, layihənin təlimçi-eksperti Sahil Kərimli və “Bakı Şəbəkəsi” Araşdırmalar və Təhlil İctimai Birliyinin sədri, layihənin rəhbəri Elçin Ağacanov çıxış ediblər.

Sahil Kərimli saxta məlumatların yayılmasının Azərbaycan üçün aktual problem olduğunu bildirib. Onun sözlərinə görə, həqiqətə uyğun olmayan xəbərlər təkcə ayrı-ayrı şəxsləri yanlış istiqamətləndirmir, həm də cəmiyyətin müəyyən hadisələr barədə təsəvvürünə təsir göstərmək üçün istifadə olunur.

“Bütün ölkələr kimi Azərbaycan da saxta xəbərlərdən əziyyət çəkir. Bizə qarşı həmişə həqiqətə uyğun olmayan məlumatlarla informasiya müharibəsi aparılıb. Bu istiqamətdə nə qədər mübarizə aparsaq da, problemin kökünü kəsmək mümkün deyil”, – deyə o qeyd edib.

S.Kərimli bildirib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən və milli maraqlarına əsaslanan siyasətindən sonra da ölkəyə qarşı zərərli informasiya təsirləri davam edir. O, belə məlumatların gənclərin fikirlərinə təsir göstərmək, cəmiyyətdə çaşqınlıq və təxribat yaratmaq məqsədi daşıya biləcəyini söyləyib.

Təlimçi-ekspertin sözlərinə görə, saxta xəbərlər vasitəsilə Azərbaycanın yaxşı münasibətlərinin olduğu ölkələrlə əlaqələrinə də xələl gətirməyə çalışılır. Bu səbəbdən jurnalistlərin məlumatlara məsuliyyətlə yanaşması və onların həqiqətə uyğunluğunu qiymətləndirməsi xüsusi əhəmiyyət daşıyır.

“Bu mənada jurnalistlərin üzərinə böyük yük düşür”, – deyən S.Kərimli saxta məlumatları tanımaq və onlara qarşı sayıqlığı artırmaq barədə tələbələrin fikirlərini də dinləyib.

Elçin Ağacanov çıxışında gənclərin düşüncəsinə təsir göstərmək cəhdlərindən danışıb. O bildirib ki, gənclər cəmiyyətin aparıcı qüvvələrindən biri olduqları üçün onları müxtəlif ideyaların təsiri altına salmağa çalışanlara qarşı diqqətli olmalıdırlar.

“Gənclərin fikirlərinə təsir edərək onları əzmək cəhdləri həmişə olub və olacaq. Siz cəmiyyətin əsas aparıcı qüvvəsi və ümidisiniz”, – deyə o vurğulayıb.

E.Ağacanov dini mövzulardan istifadə edərək gənclərə təsir göstərməyə çalışanlara inanmamağa və ekstremizmdən uzaq durmağa çağırıb. O qeyd edib ki, məlumatla qarşılaşarkən ayıq-sayıq olmaq, təqdim edilən fikirləri düzgün qiymətləndirmək və hadisələrin real mənzərəsi ilə süni şəkildə yaradılan informasiya arasında fərqi görmək vacibdir.

“Hibrid təhlükə anlayışı yalnız yalan xəbərləri deyil, müxtəlif informasiya manipulyasiyası üsullarını da əhatə edir”, – deyə E.Ağacanov bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti