"SOCAR Trading" müxtəlif bazarlarda neft və neft məhsulları üzrə fəaliyyətini genişləndirir

İqtisadiyyat Xəbər 25 Sentyabr 2026 17:46 (UTC +04:00)
"SOCAR Trading" müxtəlif bazarlarda neft və neft məhsulları üzrə fəaliyyətini genişləndirir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“SOCAR Trading” şirkəti müxtəlif regionlardan neft və neft məhsullarının tədarükü və onların beynəlxalq bazarlara çıxarılması istiqamətində fəaliyyətini genişləndirir.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu “SOCAR Trading” şirkətinin Qlobal Biznesin İnkişafı üzrə rəhbəri Toğrul Köçərli cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, şirkət Mərkəzi Asiya ölkələri ilə neft və neft məhsullarının ticarəti sahəsində uzun illərdir fəaliyyət göstərir.

“Qazaxıstan və Türkmənistanla neft və neft məhsulları üzrə ticarət əməliyyatlarını illərdir həyata keçiririk. Onların məhsullarını müxtəlif bazarlara çıxarırıq. Özbəkistanla isə bu fəaliyyətə bu ildən başlamışıq. Azərbaycan və Özbəkistan arasında yaradılmış ‘Turan Energy’ birgə müəssisəsinin real fəaliyyəti də bu ildən başlayıb”, - deyə T.Köçərli bildirib.

Onun sözlərinə görə, hazırda Özbəkistandan nafta tədarükü həyata keçirilir, dizel üzrə də imkanlar nəzərdən keçirilir.

“Hazırda nafta gedir, nəzərdən keçirdiyimiz məhsul isə Özbəkistanın dizelidir. Əgər razılığa gəlsək, bu məhsulu Kulevi terminalımıza çıxararaq oradan satışını həyata keçirəcəyik”, - deyə o qeyd edib.

T.Köçərli Pakistan istiqamətində qaz tədarükü məsələsinə də toxunub.

“Pakistanla dövlətlərarası qaz satışına dair sazişimiz olub. Hazırda isə vəziyyət dəyişib və biz tenderlərə dəvət olunmuruq. Buna görə də hazırda Pakistan istiqamətində satışımız yoxdur. Lakin gələcəkdə vəziyyət dəyişə bilər və biz bu istiqamətdə işləməyə davam edirik”, - deyə o bildirib.

O, SOCAR-ın xarici bazarlardakı investisiya və fəaliyyət imkanlarının genişləndiyini vurğulayıb.
T.Köçərli həmçinin “Bahar” yatağından SOCAR-ın payına düşən neftin satış istiqamətlərinə dair suala cavab verib.

“Bizim üçün ən məntiqli bazarlar İtaliya və Türkiyədir. Çünki SOCAR-ın həmin ölkələrdə neft emalı zavodları var. Böyük ehtimalla, bu neftin təxminən 99 faizi həmin zavodlara yönəldiləcək. Ya İtaliyada yeni aldığımız zavodlara, ya da Türkiyədə tikdiyimiz STAR neft emalı zavoduna göndəriləcək”, - deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti