Bakı.Trend:
Azərbaycan "Masdar"ın əsas bazarlarından birinə çevrilib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə “Masdar” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Murad Sadıqov cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Regional enerji əlaqələri və yaşıl keçid: Çətinliklər və imkanlar”adlı panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, “Masdar Azərbaycan" artıq regional bir mərkəz rolunu oynayır.
“Azərbaycanlı mütəxəssislərimiz Mərkəzi Asiyadakı və digər ölkələrdəki layihələrimizə təcrübə mübadiləsinə gedir, müxtəlif ölkələrdən olan kadrları bir araya gətiririk. "Masdar" Birləşmiş Ərəb Əmirlikləri şirkəti olsa da, biz beynəlxalq miqyaslı bir qurumuq. Komandamızda müxtəlif millətlərin nümayəndələri çalışır və Azərbaycandakı layihələrimiz də bu çoxmədəniyyətlilikdən böyük fayda görür”, - deyə o bildirib.
M.Sadıqov əlavə edib ki, əsas məsələ şirkətin bazara olan baxışıdır.
“Biz Azərbaycan bazarını özümüz üçün ən ümidverici və vacib strateji bazarlardan biri hesab edirik. Məhz buna görə "Masdar"ın bütün resursları, mütəxəssis bazası və tərəfdaşlıq əlaqələri bura yönəldilib.
Azərbaycan hökumətinin investorlara göstərdiyi açıq və dəstəkləyici münasibət bizi son dərəcə ruhlandırır. Belə bir dəstək olmasaydı, bu layihələri həyata keçirmək mümkün olmazdı. Onlar dialoqa açıqdırlar, hər bir məsələni müzakirə edirlər və heç bir süni maneə yaratmırlar”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. 2 gün davam edəcək forum İqtisadiyyat Nazirliyi və Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı, Avropa Evi - “Ambrosetti”nin strateji tərəfdaşlığı ilə baş tutur.
Tədbir çərçivəsində təşkil olunacaq plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi strateji mövzular müzakirə olunacaq.
