Bakı.Trend:
Azərbaycan bərpa olunan enerji layihələrində xarici şirkətlərin böyük marağını cəlb edə bilib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə "SOCAR Green" MMC-nin baş direktoru Elmir Musayev cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Regional enerji əlaqələri və yaşıl keçid: Çətinliklər və imkanlar”adlı panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, mütəxəssislər tərəfindən 200 giqavatdan çox günəş enerjisi, 157 giqavat texniki gücə malik dənizdə külək enerjisi ehtiyatları qiymətləndirilib. Bunun da təxminən 35 giqavatı iqtisadi baxımdan əlverişli potensialdır.
“Bu, Azərbaycanın malik olduğu böyük bərpa olunan enerji potensialıdır. "SOCAR Green" olaraq biz də Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafında maraqlı olan tərəflərdən biriyik. Bu da göstərir ki, Azərbaycan artıq mühüm addımlar atıb. Düşünürəm ki, başlanğıç nöqtəsi Azərbaycandakı tənzimləyici və hüquqi mühit olub”, - deyə o qeyd edib.
E.Musayev həmçinin əlavə edib ki, bərpa olunan enerjinin ilk mərhələsi təxminən 2 giqavat təşkil edir və bu 2 giqavatı sistemdə dəstəkləmək üçün 250 meqavat / 2 saatlıq batareya sistemi ilə dəstəklənir.
“Çünki bu fasiləli enerji şəbəkədə gərginlik yaradır. İlk layihələri inteqrasiya etmək daha asandır, lakin sistemdə nə qədər çox bərpa olunan enerji olarsa, şəbəkəyə düşən yük bir o qədər artır və digər tədbirlərin görülməsi tələb olunur. Bu baxımdan Energetika Nazirliyi və "Azərenerji" xarici məsləhətçilərlə birlikdə şəbəkə araşdırmaları aparır.
Biz şəbəkəyə düşən gərginliyi və ya təsiri minimuma endirə biləcək modullar kimi müxtəlif innovativ həllər üzərində işləyirik ki, bu yeni əlavə layihələr sistemə asanlıqla inteqrasiya oluna bilsin. Batareya enerjisinin saxlanması həlləri bu baxımdan əsas rol oynaya bilər”, - deyə o bildirib.
Baş direktor qeyd edib ki, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artırmasından sonra kapitalın dəyəri artıb. Layihənin mənfəətliliyinə birbaşa təsir edən əsas elementlərdən birinin məhz maliyyələşmə dəyəri olduğunu anlamaq vacibdir.
“Beynəlxalq Maliyyə İnstitutları (IFI) ilə əməkdaşlıq bizim üçün təkcə cəlbedici maliyyələşmə baxımından deyil, həm də onların hökumətlərə nəzarəti və ətraf mühitə, sosial təsirlərə dair təcrübəsi baxımından vacibdir. Lakin obyektiv səbəblərdən kapitalın dəyəri artdıqda, bu bizim kimi şirkətlər üçün də çətinləşir. Bunun kapitaldan asılı olan digər özəl şirkətlər üçün təsirini təsəvvür etmək çətin deyil.
Hazırda Azərbaycandakı maliyyələşmə əsasən Beynəlxalq Maliyyə İnstitutlarından gəlir, çünki bu tür layihələr uzunmüddətli maliyyələşmə (15-20 il) tələb edir. Təəssüf ki, kommersiya bankları, xüsusən də yerli kommersiya bankları bu gün belə maliyyələşməni təmin edəcək vəziyyətdə deyillər. Lakin biz hesab edirik ki, yerli bankların xüsusən də yerli valyutada uzunmüddətli maliyyələşmənin təmin edilməsində daha fəal rol oynaması çox vacibdir”, - deyə o bildirib.
Qeyd edək ki, Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. 2 gün davam edəcək forum İqtisadiyyat Nazirliyi və Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı, Avropa Evi-“Ambrosetti”nin strateji tərəfdaşlığı ilə baş tutur.
Tədbir çərçivəsində təşkil olunacaq plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi strateji mövzular müzakirə olunacaq.
