Bakı.Trend:
Azərbaycan rəqəmsallaşma və texnologiyaların tətbiqi istiqamətində mühüm addımlar atır.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu cümə günü "Oracle" şirkətinin Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionunda texnoloji mühəndislik üzrə baş vitse-prezidenti Ceyson Ris Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
“Əgər biz ağıllı iqtisadiyyat qururuqsa, şübhəsiz ki, hesablama gücünə ehtiyacımız var. Lakin yalnız hesablama gücü kifayət deyil. Əlbəttə, bizə infrastruktur, məlumat emalı mərkəzləri, qrafik prosessorlar və sair lazımdır. Amma nəticə etibarilə bizə etibarlı məlumatlar, analitika və biznes kontekstini anlamaq da lazımdır”, - deyə C.Ris bildirib.
O qeyd edib ki, süni intellekt həm dövlət və özəl sektorlarda, həm də idmanda işə yanaşmaları dəyişir:
“Süni intellekt hadisələrə baxışımızı tamamilə dəyişir”.
C.Risin sözlərinə görə, süni intellektdən səmərəli istifadə üçün yalnız infrastruktur və məlumatlar deyil, həmçinin müvafiq platformalar və tətbiqlərin olması da zəruridir.
O bildirib ki, "Oracle" süni intellekti texnoloji infrastrukturun hər bir səviyyəsində tətbiq edilməli olan texnologiya kimi nəzərdən keçirir: “Biz hesab edirik ki, süni intellekt sonradan əlavə edilməməli, əvvəldən sistemə inteqrasiya olunmalıdır. Bu, son dərəcə vacibdir, çünki insanlar süni intellektdən faydalana bilmələri üçün onun imkanlarından istifadə etməlidirlər, yalnız infrastrukturu işə salmaq kifayət deyil”.
C.Ris rəqəmsal suverenliyin vacibliyini də vurğulayıb:
"“Oracle"ın fəaliyyətinin əsasını məlumatlar, etibarlı məlumatlar təşkil edir. Düşünürəm ki, Azərbaycan və digər tərəfdaşlar üçün məlumatların həmçinin süni intellektin əsasını təşkil etdiyini anlamaq vacibdir”.
Onun sözlərinə görə, məlumatların təşkilat daxilində təhlükəsizliyini, eləcə də həmin məlumatlarla işləyərkən istifadə olunan modellərin təhlükəsizliyini təmin etmək lazımdır:
“Təşkilatınız daxilində süni intellektdən istifadə edərkən həm özəl məlumatlarınızdan, həm də açıq məlumatlardan istifadə etmək imkanınız olmalıdır”.
