Bakı. Trend:
PASHA Bank Azərbaycanda bərpa olunan enerji sahəsində əlavə layihələri nəzərdən keçirir.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bu barədə cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda PASHA Bank-ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev deyib.
“Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerjinin payının artırılması ilə bağlı öhdəliklər götürüb. Biz böyük həcmdə investisiyaların cəlb olunmasının şahidi oluruq. Azərbaycanda artıq Masdar və ACWA Power kimi tanınmış beynəlxalq şirkətlər fəaliyyət göstərir və ölkədə böyük layihələr həyata keçirirlər”, - deyə o bildirib.
B.Nağıyev vurğulayıb ki, Azərbaycan enerji şirkətləri də daxil olmaqla yerli şirkətlər yerli tərəfdaşlarla, o cümlədən banklarla birlikdə bu layihələrdə fəal iştirak edirlər.
“Biz də Naxçıvanda bu cür layihələrdən birini maliyyələşdirmişik və ölkənin digər bölgələrində əlavə layihələri nəzərdən keçiririk. Beynəlxalq iştirakçılar bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsində iştirak edə bilərlər, çünki belə layihələr daha uzunmüddətli maliyyələşdirmə və daha əlverişli şərtlər tələb edir. Məhz burada beynəlxalq iştirakçılar prosesə qoşula bilərlər, çünki onların bərpa olunan enerji sahəsində daha böyük təcrübəsi var”, - B.Nağıyev bildirib.
O, həmçinin beynəlxalq inkişaf bankları ilə əməkdaşlıq potensialını qeyd edib: “Düşünürəm ki, inkişaf bankları ilə birlikdə daha böyük işlər görə bilərik. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycana 870 milyon avro investisiya qoyub, lakin investisiyaların maliyyə sektorunun payına düşən hissəsi 7 faiz təşkil edir ki, bu da korporativ sektorla əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli imkanların olduğunu göstərir”.
