Azərbaycan regionda xarici investorları ən çox cəlb edən ölkələrdən biridir - TEHA Group

İqtisadiyyat Xəbər 26 Sentyabr 2026 11:54 (UTC +04:00)
Azərbaycan regionda xarici investorları ən çox cəlb edən ölkələrdən biridir - TEHA Group
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın regionda xarici investorlar üçün cəlbedici ölkələrdən biri olması, rəqəmsal infrastrukturun inkişafı və süni intellekt strategiyasının hazırlanması ölkənin investisiya imkanlarını genişləndirən əsas amillərdəndir.

İtaliyanın aparıcı özəl analitik mərkəzi "TEHA Group"un (The European House – Ambrosetti) baş direktoru və idarəedici tərəfdaşı Valerio de Molli Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Trend-ə açıqlamasında deyib.

O bildirib ki, "The European House - Ambrosetti" (TEHA Group) Azərbaycanin gələcək inkişaf baxışını əks etdirən mövqe sənədi hazırlayıb.

"Biz Azərbaycanın gələcək baxışını təsvir edən mövqe sənədi hazırlamışıq. Xüsusilə regionun, əsasən də Azərbaycanın əsas cəlbedicilik faktorlarını qiymətləndirdik. Azərbaycanın regionda dinamizm baxımından nümayiş etdirdiyi əsas fəaliyyət göstəriciləri bizi kifayət qədər təsirləndirdi", - deyə V.De Molli qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan regionda xarici investorları ən çox cəlb edən ölkələrdən biridir.

"Azərbaycan elmi nəşrlərin sayında ən böyük artım göstərən ölkələrdən biridir. Regionun ən böyük məlumat mərkəzlərindən ikisi Azərbaycanda yerləşir. Ev təsərrüfatlarının demək olar ki, 100 faizi, daha dəqiq desək, 99 faizi genişzolaqlı fiber-optik internetə çıxışa malikdir. Bu, həqiqətən də, çox yüksək göstəricidir və Avropa üzrə orta göstəricidən təxminən üçdə bir qədər yüksəkdir. Bundan əlavə, Azərbaycan regionda ilk olaraq Süni İntellekt Strategiyasını hazırlayıb", - deyə TEHA Group-un baş icraçı direktoru bildirib.

V.De Molli Azərbaycanın iqtisadi və institusional ekosisteminin inkişaf səviyyəsini də yüksək qiymətləndirib.

"Mən həmçinin ekosistemin keyfiyyəti, idarəetmə sisteminin səviyyəsi və siyasi liderlikdən çox təsirləndim. Əminəm ki, Azərbaycana dəfələrlə qayıdacağam", - deyə o əlavə edib.

"TEHA Group"un rəhbəri forumun bağlanış sessiyasında müzakirə olunan məsələlərə də münasibət bildirib.

"Masada bir çox imkanlar var və düşünürəm ki, bu imkanların reallığa çevrilməsinə şərait yaratmalıyıq. Bu baxımdan mənim mövqeyim çox müsbətdir", - deyə V.De Molli vurğulayıb.

Qeyd edək ki, Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. Forum İqtisadiyyat Nazirliyi və Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı, Avropa Evinin (Ambrosetti) strateji tərəfdaşlığı ilə baş tutur.

Tədbir çərçivəsində təşkil olunan plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi strateji mövzular müzakirə olunur.

Xəbər lenti

Xəbər lenti