Dünya İqtisadi Forumu STAR FDI təşəbbüsü çərçivəsində AZPROMO ilə əməkdaşlığa başlayacaq (ÖZƏL)

İqtisadiyyat Xəbər 26 Sentyabr 2026 11:32 (UTC +04:00)
Dünya İqtisadi Forumu STAR FDI təşəbbüsü çərçivəsində AZPROMO ilə əməkdaşlığa başlayacaq (ÖZƏL)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Dünya İqtisadi Forumu (WEF) "Star FDI" təşəbbüsü çərçivəsində Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə əməkdaşlığa başlayacaq.

Bu barədə şənbə Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində WEF-in rəqəmsal ticarət və süni intellekt istiqamətinin rəhbəri Xalid Alaamer Trend-ə bildirib.

DİF-in yeni "Star FDI" (Sustainable, Trusted, Agile and Responsible FDI – dayanıqlı, etibarlı, çevik və məsuliyyətli birbaşa xarici investisiyalar) təşəbbüsündən danışan Alaamer qeyd edib ki, təşəbbüs kapital qoyuluşundan kənara çıxan birbaşa xarici investisiya layihələrinin həyata keçirilməsində qabaqcıl təcrübənin öyrənilməsinə yönəlib.

Onun sözlərinə görə, təşəbbüs həmçinin iş yerlərinin yaradılması, yerli əhalinin peşə bacarıqlarının artırılması, yerli icmalarla tərəfdaşlıqların formalaşdırılması və iqtisadi inkişafın təşviqi üçün zəruri şərtlərin öyrənilməsini nəzərdə tutur.

"Biz bu təşəbbüsə yenicə başlamışıq və yaxın gələcəkdə Azərbaycan və AZPROMO ilə də əməkdaşlıq edəcəyik", - deyə o bildirib.

Alaamerin sözlərinə görə, DİF-in Azərbaycanla əməkdaşlığı, xüsusilə AZPROMO vasitəsilə həyata keçirilir, bu yaxınlarda isə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) ilə də qarşılıqlı əlaqələrə başlanılıb.

"Biz onlarla rəqəmsal iqtisadiyyata investisiyaların təşviqinə dair ilk ölkə layihələrimizdən biri üzərində çalışmışıq. Bu, 2024-cü ildə baş verib və Azərbaycan könüllü şəkildə bu layihəyə qoşulan ilk ölkələrdən biri olub", - deyə o qeyd edib.

Alaamer bildirib ki, layihə çərçivəsində mövcud çağırışlar və imkanlar öyrənilib, həmçinin rəqəmsal iqtisadiyyat sahəsində maraqlı tərəflərdən ibarət icma formalaşdırılıb. Məqsəd hökumətin rəqəmsal iqtisadiyyata investisiyaların cəlb edilməsi üçün istifadə edə biləcəyi siyasət və tənzimləmə sahəsində prioritetləri müəyyənləşdirmək olub.

Azərbaycanın rəqəmsal ticarət və süni intellekt mexanizmlərini beynəlxalq standartlara uyğunlaşdırması və sərhədlərarası rəqəmsal ticarəti inkişaf etdirməsi üçün zəruri addımlarla bağlı sualı cavablandıran Alaamer deyib:

"Düşünürəm ki, ölkə artıq düzgün istiqamətdə irəliləyir. Bu layihənin başlanması özlüyündə artıq böyük addımdır".

Onun sözlərinə görə, ilk addım - bazarın tələbatlarının öyrənilməsidir.

"Birinci növbədə bazarı dinləmək lazımdır və Azərbaycan 2024-cü ildə rəqəmsal iqtisadiyyata investisiyalarla bağlı layihə çərçivəsində bunu kifayət qədər yaxşı edib. Ölkə könüllü şəkildə bu layihəyə qoşulmaqla və rəqəmsal iqtisadiyyatda xarici və yerli investorların hansı siyasət və imkanlara ehtiyac duyduqlarını anlamaq üçün onları dinləməklə böyük liderlik nümayiş etdirib", - deyə o bildirib.

Alaamer dinamikanın və irəliləyişin nümayiş etdirilməsinin də vacibliyini vurğulayıb:

"İnvestorlar təkcə ambisiyaları deyil, onların reallaşdırılması istiqamətində əldə olunan real nəticələri də görmək istəyirlər. Son bir neçə ildə Azərbaycanın əsas göstəricilərinin və müxtəlif reytinqlərdəki mövqelərinin yüksəlməsi müsbət siqnaldır. Nəhayət, regional düşünmək lazımdır. Azərbaycan Cənubi Qafqaz regionunda əhəmiyyətli liderlik nümayiş etdirir və tamamilə regionda rəqəmsal investisiyalar və intellektual iqtisadiyyat mərkəzinə çevrilə bilər".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti