Prezident İlham Əliyevin qəbul etdiyi üç qlobal investisiya nəhəngi trilyonlarla dollarlıq aktivləri idarə edir (FOTO)

İqtisadiyyat Xəbər 26 Sentyabr 2026 16:00 (UTC +04:00)
Prezident İlham Əliyevin qəbul etdiyi üç qlobal investisiya nəhəngi trilyonlarla dollarlıq aktivləri idarə edir (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən gün dünyanın üç böyük investisiya şirkətinin — "Neuberger Berman", "Brookfield Asset Management" və "Global Infrastructure Partners" (GIP) rəhbərləri ilə görüşlər keçirib.

Bu şirkətlər investisiyaların idarə edilməsi, infrastruktura, energetika, nəqliyyat, rəqəmsal texnologiyalar və digər sahələrdə fəaliyyət göstərir, ümumilikdə trilyonlarla dollar həcmində aktivləri idarə edirlər.

“Neuberger Berman”

1939-cu ildə Nyu-Yorkda yaradılan “Neuberger Berman” 613 milyard ABŞ dolları həcmində aktivləri idarə edən dünyanın ən böyük müstəqil investisiya idarəetmə şirkətlərindən biridir.

Şirkət həm açıq, həm də özəl bazarlarda investisiyalar həyata keçirir və özəl bazarlarda 10 400-dən çox şirkəti əhatə edən portfel üzrə 170 milyard ABŞ dollarından çox investisiya öhdəliyini idarə edir.

Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) ilə “Neuberger Berman” arasında əməkdaşlıq 2015-ci ildə başlayıb. SOFAZ tərəfindən şirkətin idarə etdiyi investisiya fondlarına ümumilikdə 775 milyon ABŞ dolları həcmində vəsait ayrılıb. Bu investisiyalar özəl kapital (private equity), özəl borc (private debt), ikinci dərəcəli bazar investisiyaları və birgə investisiya layihələri istiqamətlərini əhatə edir.

“Brookfield Asset Management”

“Brookfield Asset Management” qlobal alternativ aktivlərin idarə edilməsi sahəsində fəaliyyət göstərən ən iri şirkətlərdən biridir. Şirkətin idarə etdiyi aktivlərin həcmi 1 trilyon dollardan çoxdur.

Şirkət enerji, infrastruktur, telekommunikasiya, rəqəmsal infrastruktur, nəqliyyat və daşınmaz əmlak daxil olmaqla müxtəlif sahələrə investisiya yatırır.

“Brookfield”in infrastruktur platformasına 308 mindən çox telekommunikasiya aktivi, 77 min kilometr fiber-optik şəbəkə, 150 data mərkəzi, 36 300 kilometr dəmir yolu şəbəkəsi və 3 200 kilometr ödənişli yol daxildir.

“Global Infrastructure Partners”

“Global Infrastructure Partners” (GIP) iri infrastruktur layihələrinə investisiyalar üzrə ixtisaslaşan qlobal investisiya şirkətidir. Şirkət təxminən 170 milyard dollar aktiv idarə edir.

GIP-in investisiya portfelinə hava limanları, dəmir yolları, limanlar, data mərkəzləri və digər mühüm infrastruktur aktivləri daxildir.

2024-cü ildən etibarən GIP dünyanın ən böyük investisiya idarəetmə şirkətlərindən biri olan “BlackRock”un strukturunda fəaliyyət göstərir. “BlackRock”un idarə etdiyi aktivlərin həcmi 15,3 trilyon dollar təşkil edir.

GIP, həmçinin “BlackRock”, “Microsoft” və MGX ilə birlikdə süni intellekt infrastrukturu üzrə AI Infrastructure Partnership təşəbbüsünün əsas təsisçilərindən biridir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti