Bakı.Trend:
SOCAR ilə İtaliyanın "Eni S.p.A." şirkəti arasında Kot-d’İvuar Respublikasında yerləşən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10% iştirak payının əldə olunması Əməliyyatının Tamamlanmasına dair Protokol mübadilə edilib.
Bu barədə SOCAR-ın şənbə günü dərc etdiyi məlumatda qeyd olunub.
Məlumata görə, əməliyyatın tamamlanması nəticəsində “Baleine” layihəsində iştirak payları “Eni” üzrə 37,25%, “Vitol” üzrə 30%, “Petroci” üzrə 22,75% və SOCAR üzrə 10% təşkil edir. Bu satınalma SOCAR-ın Afrikanın “upstream” sektoruna daxil olmasını təmin etməklə yanaşı, şirkətin qlobal “upstream” fəaliyyətini genişləndirməyə yönəlmiş uzunmüddətli strategiyasına töhfə verəcək.
Daha əvvəl "Eni" şirkətindən bildirilib ki, "Baleine" layihəsindəki iştirak payının satışı İtaliya şirkətinin upstream portfelinin optimallaşdırılması strategiyasına uyğundur.
Qeyd edək ki, "Baleine" yatağı son illərdə Qərbi Afrikada aşkarlanmış ən iri neft-qaz yataqlarından biri hesab olunur. İri dəniz neft-qaz yatağı 2021-ci ildə kəşf edilib, hasilat isə 2023-cü ildə başlayıb.
Hazırda Baleine yatağının işlənməsinin birinci və ikinci mərhələləri çərçivəsində sutkada 62 min bareldən çox neft və 75 milyon kub futdan (təxminən 2,1 milyon kubmetr) çox qaz hasil olunur. Üçüncü mərhələnin işə salınması ilə hasilatın sutkada 150 min barel neftə və 200 milyon kub futa (təxminən 5,7 milyon kubmetr) qaza çatacağı gözlənilir.
Baleine yatağı Afrikada sıfır emissiya səviyyəsinə malik ilk dəniz neft-qaz layihəsidir.
