SOCAR “Abşeron” yatağının tammiqyaslı işlənməsinin təfərrüatlarını açıqlayıb

İqtisadiyyat Xəbər 26 Sentyabr 2026 14:29 (UTC +04:00)
SOCAR “Abşeron” yatağının tammiqyaslı işlənməsinin təfərrüatlarını açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Abşeron” yatağının tammiqyaslı işlənməsinin təfərrüatlarını açıqlayıb.

“Yatağın tammiqyaslı işlənməsi çərçivəsində əlavə quyuların qazılması, həmçinin yeni emal infrastrukturunun yaradılması planlaşdırılır. Bu, yatağın resurs potensialından səmərəli istifadə etməyə və ümumi hasilat əmsalını qabaqcıl beynəlxalq qaz layihələrindəki göstəricilərlə müqayisə olunan səviyyəyə çatdırmağa imkan verəcək”, - deyə şirkətdən şənbə günü bildirilib.

Qeyd edildiyi kimi, “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı qəbul edilib.SOCAR prezidenti Rövşən Nəcəf, TotalEnergies şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terraz və ADNOC/XRG-nin İcra Aparatının direktoru Ömər Əl-Suveyidi SOCAR, XRG və "TotalEnergies" arasında imzalanmış sənədi mübadilə ediblər.

Mərasim sentyabrın 26-da Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda baş tutub.

Qeyd edək ki, “Abşeron” yatağı Xəzər dənizinin şelfində, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə və “Şahdəniz” yatağından 25 kilometr şimal-şərqdə yerləşir. Strukturun sahəsi təxminən 270 kvadratkilometr, qaz ehtiyatları isə 350–400 milyard kubmetr həcmində qiymətləndirilir. “Abşeron”da hasilata 2023-cü ilin iyulunda bir dərin dəniz quyusundan istifadə edilməklə yatağın ilkin işlənməsi mərhələsi çərçivəsində JOCAP operatorluğu ilə başlanılıb.

Yatağın işlənməsinin ikinci mərhələsi hasil edilən məhsulun daha sonra sahilə nəql olunması ilə sualtı hasilatı nəzərdə tutur.

Hasil edilən qaz və kondensat 140 kilometrlik çoxfazalı boru kəməri ilə Səngəçal terminalına nəql olunacaq və burada sahildəki qurğularda ayrılaraq emal ediləcək. İşlənmənin ikinci mərhələsi hasilatın pik dövründə günə 12,7 milyon kubmetrədək qaz (ildə təxminən 4,5 milyard kubmetr) və günə 37 min barel kondensat hasilatını təmin edə bilər. Hasilata 2028-ci ilin sonu və ya 2029-cu ilin əvvəlində başlanılması gözlənilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti