Bakı. Trend:
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın müasir tarixində mühüm yer tutur. Müharibə xalqımızın həmrəyliyini və dövlətimizin öz ərazi bütövlüyünü bərpa etmək iradəsini nümayiş etdirdi.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycan uzun illər ərzində işğal faktının aradan qaldırılması üçün beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq danışıqlar yolu ilə həllə nail olmağa çalışıb: “2016-cı ilin aprelində Lələtəpə istiqamətində, 2020-ci ilin iyulunda isə Tovuz bölgəsində baş verən döyüşlər Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bir daha göstərdi. Bu hadisələr həm də Ermənistan-Azərbaycan münaqişəsinin hərbi-siyasi müstəvidə gərginləşdiyini nümayiş etdirdi”.
Millət vəkili deyib ki, uzun illər davam edən danışıqlar prosesinin nəticə verməməsi, işğalın davam etməsi və hərbi təxribatların artması vəziyyəti daha da mürəkkəbləşdirdi: “2020-ci ildə gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz böyük qəhrəmanlıq nümunəsi göstərdi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edildi və regionda yeni reallıqlar yarandı”.
S. Məmmədov qeyd edib ki, bu gün şəhid ailələrinin və qazilərin sosial müdafiəsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Onların sosial təminatının gücləndirilməsi, tibbi və reabilitasiya xidmətlərinə çıxışının təmin edilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərin həlli istiqamətində tədbirlər həyata keçirilir.
Millət vəkili vurğulayıb ki, şəhid ailələri və qazilərimiz Azərbaycan dövlətinin, möhtərəm cənab Prezident İlham Əliyevin və Birinci Vitse-prezidentimiz Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı ilə əhatə olunublar. Vətən müharibəsində xidmətləri ilə fərqlənən hərbi qulluqçular dövlət təltiflərinə layiq görülüblər: “Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ölkəmizin qarşısında yeni imkanlar açıb. Qarşıdakı dövrdə əsas vəzifələrdən biri əldə olunan nəticələri qorumaq, dövlət müstəqilliyini daha da möhkəmləndirmək və şəhidlərimizin xatirəsinə layiq dəyərləri gələcək nəsillərə çatdırmaqdır”.
