Bakı. Trend:
Xankəndi şəhərində 27 Sentyabr- Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib ki, 27 Sentyabr Azərbaycan xalqının yaddaşında həm hüzn, həm də milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır. O, qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ilə Azərbaycanın müasir tarixinin ən mühüm səhifələrindən biri yazılıb. 44 gün davam edən müharibədə Azərbaycan xalqının həmrəyliyi, Ordumuzun gücü və Vətən uğrunda mübarizə əzmi bütün dünyaya nümayiş etdirilib. Çıxış zamanı qeyd olunub ki, Anım Günü yalnız hüzn və kədər günü deyil, həm də yaddaş, ehtiram və Vətən qarşısında məsuliyyət günüdür. Şəhidlərin uğrunda canlarından keçdikləri dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması onların əziz xatirəsinə göstərilən ən böyük ehtiramdır.
Vətən müharibəsi iştirakçısı, hazırda Qarabağ Universitetində təhsil alan İlqar İsgəndərli çıxışında Qarabağda həyatın yenidən qurulmasının, insanların doğma yurdlarına qayıtmasının böyük qürur hissi yaratdığını bildirib. O, şəhidlərin xatirəsinin daim yaşadılmasının və onların qəhrəmanlıq yolunun gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
Şəhid qardaşı Asəf Cəfərov çıxış edərək 44 günlük Vətən müharibəsində qardaşı, şəhid Ruslan Cəfərovun göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan danışıb. O, bildirib ki, Ruslan Cəfərov Vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb. Asəf Cəfərov şəhidlərin qəhrəmanlığının Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını, onların göstərdiyi fədakarlığın gələcək nəsillər üçün Vətən sevgisinin və sədaqətin nümunəsi olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən şəhid ailəsi Əfsanə Məmmədova bildirib ki, şəhidlərin xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq. O, şəhid ailələrinə göstərilən diqqət və qayğının mühüm mənəvi dayaq olduğunu qeyd edərək, şəhidlərin Vətən uğrunda göstərdiyi fədakarlığın heç vaxt unudulmayacağını vurğulayıb.
Çıxışlarda vurğulanıb ki, bu gün Qarabağda həyatın yenidən canlanması, yeni şəhər və kəndlərin salınması, insanların doğma yurdlarına qayıtması Vətən müharibəsində əldə olunan Zəfərin davam edən tarixidir.
Daha sonra tədbir iştirakçılarına Qarabağda aparılan bərpa-quruculuq işlərini, doğma yurdlarına qayıdan insanların həyatını və azad edilmiş ərazilərdə yenidən başlayan həyatı əks etdirən videoçarx nümayiş olunub.
