Bakı. Trend:
Oğlum mənə söz vermişdi ki, işğal altındakı torpaqlarımız azad olunanda tarix yazıb tarixə düşəcək. Elə də oldu.
Bunu Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin anası Aidə İbrahimova Trend-ə açıqlamasında deyib.
O bildirib ki, Adil uşaqlıqdan Vətənə bağlı olub: “Ona deyirdim ki, işini dəyiş, bu iş çox çətindir. Cavab verirdi ki, “Ana, biz Vətən üçün doğulmuşuq, Vətən üçün də canımızı qurban verməliyik”. Həmişə deyirdi: “Birinci Vətən, sonra sən”.
Şəhid anasının sözlərinə görə, Adil atasına da işğal altındakı torpaqların azad olunacağına inandığını söyləyirdi: “Atası Birinci Qarabağ müharibəsi qazisidir. Adil ona deyirdi ki, “Siz o vaxt bacarmadınız, amma biz bacaracağıq, torpaqlarımızı qaytaracağıq”.
Aidə İbrahimova oğlu ilə son görüşünü də xatırlayıb: “Onu yola salanda qucaqlaşdıq. Mənə “Ana, narahat olma” dedi. Adil noyabrın 7-də Şuşanın Daşaltı kəndində şəhid oldu. Nəşi noyabrın 19-da bizə təhvil verildi. Altı il keçsə də, yoxluğunu hələ də qəbul edə bilmirəm”.
O əlavə edib ki, oğlu övladlarının yaxşı təhsil almasını, gələcəkdə xaricdə oxumasını arzulayırdı.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis edilib. Bu gün ölkənin şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla anılır.
