Bakı. Trend:
İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ ordusuna məxsus Pilotsuz Sualtı Aparatını ələ keçirib.
Bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.
“ABŞ ordusuna məxsus “Remus 600” Pilotsuz Sualtı Aparatı Hörmüz boğazında casusluq əməliyyatı keçirən SEPAH-ın Hərbi Dəniz Qüvvələri tərəfindən qənimət götürülüb və hazırda bu qüvvələrin mütəxəssisləri tərəfindən onun məlumatları qiymətləndirilməkdədir”, -deyə məlumatda qeyd olunur.
SEPAH bildirir ki, Hərbi Dəniz Qüvvələri mürəkkəb və koordinasiya şəklində həyata keçirdiyi əməliyyat nəticəsində sözügedən aparatı ələ keçirib. Bu aparat SEPAH-ın ələ keçirdiyi ikinci Pilotsuz Sualtı Aparat hesab olunur.
“SEPAH Hərbi Dəniz Qüvvələri qətiyyətli şəkildə elan edir ki, Hörmüz boğazı bağlıdır. Hörmüz boğazında təhlükəli hərəkətlər və qeyri-qanuni marşrutlardan keçmək qarşısında durmadan tədbir görəcək”, - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.
