Bakı. Trend:
Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayı növbədənkənar deyil, ənənəvi olaraq 5 ildən bir keçirilən qurultaydır.
Trend-in anım tədbirindəki müxbirinin məlumatına görə, bunu YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkını ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
Tahir Budaqov bildirib ki, qurultayın gündəliyində son 5 il ərzində partiyanın keçdiyi yola nəzər salınacaq və müvafiq müzakirələr aparılacaq.
“Qurultayın gündəliyində son 5 il ərzində partiyanın keçdiyi yola nəzər salınacaq, müzakirələr aparılacaq və nizamnamədən irəli gələn digər məsələlərə baxılacaqdır”, - deyə o qeyd edib.
YAP sədrinin müavini, həmçinin 27 Sentyabr – Anım Gününün əhəmiyyətindən danışaraq Zəfərin əldə olunmasında həyatını qurban verən şəhidlərin əziz xatirəsinin ehtiramla yad edildiyini bildirib. O qeyd edib ki, Anım Gününün təsis edilməsi şəhidlərin xatirəsinin yad olunması ilə yanaşı, gənc nəsil üçün də mühüm mesajdır.
“Gənc nəslin belə tədbirlərdə iştirak edərək Azərbaycanın keçdiyi yola nəzər salması, qəhrəmanlarımızın həyat yolunu öyrənməsi və bu nümunələr əsasında əsl vətəndaş kimi yetişməsi çox önəmlidir”, - deyə T.Budaqov vurğulayıb.
Onun sözlərinə görə, gənclərin Azərbaycanın gələcəyinin daha parlaq olması üçün öz bilik, bacarıq və səylərini əsirgəməmələri böyük əhəmiyyət kəsb edir.
YAP rəsmisi qeyd edib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri aparılır, soydaşlar öz dədə-baba torpaqlarına qayıdırlar.
“Orada məskunlaşmanın təmin edilməsi, təhsil və səhiyyə ocaqlarının yaradılması, gənclərimizin bu torpaqlarda yaşaması şəhidlərimizin əziz xatirəsinə, şanlı ordumuza, zabit və əsgərlərimizə, qazilərimizə verə biləcəyimiz ən böyük qiymət və hörmətdir”, - deyə T.Budaqov əlavə edib.
