Bakı. Trend:
İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycanın Prezidenti İlham Əliyevə İtaliyanın bütün ərazisində yanacağın qiymətlərinin məhdudlaşdırılması ilə bağlı qərara görə təşəkkür edib.
Bu barədə Baş nazir sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.
“Enidən sonra IP şirkəti də ölkə üzrə yanacağın qiymətlərinə limit tətbiq etmək qərarına gəlib. Bu, İtaliya ailələrinə göstərilən diqqətin mühüm əlamətidir və yanacağın bahalaşmasının qarşısının alınmasına konkret töhfə verməyin mümkün olduğunu təsdiqləyir. Bu diqqətə görə Azərbaycanın Prezidenti İlham Əliyevə, əməkdaşlığımızı gücləndirən bu addıma görə, həmçinin SOCAR-ın prezidenti Rövşən Nəcəfə təşəkkür etmək istəyirəm”, - deyə o yazıb.
Meloni bildirib ki, İtaliya hökuməti hazırkı mürəkkəb beynəlxalq vəziyyətdə ailələrə dəstək olmaq və onların alıcılıq qabiliyyətini qorumaq istiqamətində fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın Eni S.p.A. şirkəti SOCAR-ın Kot-d’İvuardakı Baleine neft-qaz yatağının işlənməsi layihəsində 10 faizlik iştirak payını əldə etdiyi sövdələşmənin tamamlanması ilə bağlı Protokol mübadiləsi həyata keçirib.
SOCAR-ın məlumatına görə, sövdələşmə tamamlandıqdan sonra layihədə iştirakçıların payları belə bölüşdürülüb: Eni – 37,25 faiz, Vitol – 30 faiz, Kot-d’İvuarın milli neft-qaz şirkəti Petroci – 22,75 faiz, SOCAR – 10 faiz.
“Payın əldə edilməsi SOCAR-a Afrikanın neft-qaz sektoruna çıxış imkanı verəcək və şirkətin kəşfiyyat və hasilat sahəsində qlobal fəaliyyətini genişləndirmək üzrə uzunmüddətli strategiyasının bir hissəsi olacaq”, - deyə şirkətin məlumatında bildirilib.
