Bakı. Trend:
Bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 62 milyard 475,9 milyon manat təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankının məlumatı əsasında hesablamasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 milyard manat və ya 12,2% çoxdur.
Hesabat dövrünə, bankların aktivlərinin 30 milyard 841,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib ki, bu da illik müqayisədə 3,860 milyard manat və ya 14,3% çoxdur.
Hesabat dövründə bank sektorunun cəmi öhdəlikləri isə 54 milyard 722,7 milyon manata bərabər olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,127 milyard manat və ya 12,6% çoxdur. Eyni zamanda sektorun balans kapitalı isə 676,1 milyon manat və ya 9,5% artaraq 7 milyard 753,2 milyon manat təşkil edib.
Bundan başqa, dövr ərzində bankların depozit portfeli 5,275 milyard manat və ya 14,4% artaraq 41 milyard 792,5 milyon manata çatıb. Depozit portfelinin 57,4%-i (23 milyard 981,6 milyon manat) hüquqi şəxslərin, 42,6%-i (17 milyard 810,9 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. İl ərzində hüquqi şəxslərin banklardakı vəsaitləri 2,550 milyard manat və ya 11,9%, fiziki şəxslərin depozitləri isə 2,725 milyard manat və ya 18,1% artıb.
Fiziki şəxslərin əmanətlərinin 71,2%-i (12 milyard 684,6 milyon manat) milli valyutada, 28.8%-i (5 milyard 126,3 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 64,7%-i (11 milyard 520,7 milyon manat) müddətli əmanətlərdən ibarətdir.
Avqust ayında fiziki şəxslərin müddətli əmanətləri 1,6% və ya 178,5 milyon manat artaraq 11 milyard 520,7 milyon manat təşkil edib.
2026-cı ilin avqust ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 1,2% (2,692 əmanətçi), ilin əvvəlindən isə 16,4% (31,922 əmanətçi) artaraq 226,1 min nəfər təşkil edib.
Hüquqi şəxslərin tələbli depozitləri 18 milyard 337 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 76,5%-ni təşkil edib.
31 avqust 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 508, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,507 olub. Hesabat ayında bank sektorunda çalışanların sayı 0,8% və ya 218 nəfər artaraq 27,773 nəfər təşkil edib.
