Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Əliş İsmayılov Beynəlxalq Nəqliyyat Forumunun (BNF) 2026–2027-ci illər üzrə İş Proqramı çərçivəsində həyata keçirilən beynəlxalq tədqiqat layihəsinə rəhbərlik edəcək.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
O, Azərbaycanın təşkilata sədrliyi dövründə BNF Katibliyinə ezam olunub. Sədrlik başa çatdıqdan sonra da əməkdaşlığını davam etdirib və hazırda Azərbaycanı Forumun Nəqliyyat Tədqiqat Komitəsində təmsil edir.
Bildirilib ki, “Nəqliyyat qurumları tərəfindən siyasətin və nəticələrin təkmilləşdirilməsi məqsədilə süni intellektdən istifadə” adlı layihədə süni intellekt texnologiyalarının dövlət nəqliyyat qurumlarının fəaliyyətində tətbiqi araşdırılacaq.
Layihədə təxminən 20 ölkədən 40-a yaxın mütəxəssisin, eləcə də özəl sektor və digər qurumların nümayəndələrinin iştirakı nəzərdə tutulur. Bu format müxtəlif ölkələrin təcrübəsinin müqayisəli şəkildə öyrənilməsi, süni intellektin nəqliyyat sektorunda tətbiqi ilə bağlı imkanlar və çağırışların müəyyən edilməsinə şərait yaradacaq.
Layihə üzrə ilk iclasda üzvlər təqdim olunub, iştirakçı ölkə və qurumların ilkin yanaşmaları müzakirə edilib. Həmçinin tədqiqatın əsas istiqamətləri və gözlənilən nəticələri barədə fikir mübadiləsi aparılıb.
Süni intellektin nəqliyyat qurumlarında tətbiqi son illərdə Beynəlxalq Nəqliyyat Forumunun əsas diqqət yetirdiyi istiqamətlərdən biridir. BNF çərçivəsində nəqliyyat qurumlarının süni intellektdən təhlükəsiz, məsuliyyətli və effektiv istifadəsi ilə bağlı müxtəlif araşdırmalar aparılıb və siyasət sənədləri hazırlanıb.
Nazirliyin məlumatına görə, yeni layihəyə rəhbərlik Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumu ilə tədqiqat sahəsində genişlənən əməkdaşlığının, eləcə də Azərbaycan mütəxəssislərinin BNF çərçivəsində beynəlxalq tədqiqat və bilik mübadiləsində iştirakının artdığını göstərir.
