Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan arasında gömrük məsələləri müzakirə olunub (FOTO)

İqtisadiyyat Xəbər 28 Sentyabr 2026 13:36 (UTC +04:00)
Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan arasında gömrük məsələləri müzakirə olunub (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Göygöl. Trend:

Sentyabrın 28-də Göygöl rayonunda Azərbaycan, Türkiyə və Gürcüstan hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin 5-ci iclası keçirilib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Göygöl şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

İclasda Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov, Türkiyənin ticarət nazirinin müavini Sezai Uçarmak və Gürcüstan Gəlirlər Xidmətinin rəhbəri, maliyyə nazirinin müavini Mamuka Barataşvilinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

Görüşdə üç ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Əvvəlki görüşlərdə əldə olunan razılaşmaların icra vəziyyəti nəzərdən keçirilib, növbəti mərhələdə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib.

Müzakirələr zamanı Orta Dəhliz üzrə gömrük prosedurlarının optimallaşdırılması, tranzit əməliyyatlarının sürətləndirilməsi və gömrük xidmətləri arasında məlumat mübadiləsinin genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit əməliyyatlarının asanlaşdırılması, sərhədkeçmə proseslərinin sürətləndirilməsi və gömrük xidmətləri arasında praktiki əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər tranzit gömrük prosedurlarının uzlaşdırılması, ilkin elektron məlumat mübadiləsinin təkmilləşdirilməsi, risklərin idarə edilməsi və gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini də müzakirə ediblər.

İclasın sonunda əldə olunmuş razılaşmaları əks etdirən protokol imzalanıb.

Tədbir çərçivəsində Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Türkiyənin Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin 6-cı iclası da keçirilib.

İclasda Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqi, gömrük prosedurlarının sadələşdirilməsi, TIR və e-TIR mexanizmlərinin inkişaf etdirilməsi, sərhəd-keçid məntəqələrində yük nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və buraxılış imkanlarının artırılması məsələləri müzakirə olunub.

Bundan əlavə, gömrük hüquqpozmalarına qarşı mübarizə, məlumat mübadiləsi, səlahiyyətli iqtisadi operator, gömrük statistikası və risklərin idarə edilməsi sahələrində əməkdaşlığın genişləndirilməsi, birgə əməliyyat və təlimlərin keçirilməsi imkanları nəzərdən keçirilib.

Görüşün yekununda müzakirə olunan məsələləri və əldə edilmiş razılaşmaları əks etdirən protokol imzalanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti