Türk İnvestisiya Fondu Almatı Hava Limanının modernləşdirilməsinə 20 milyon dollara qədər vəsait ayıracaq

İqtisadiyyat Press-reliz 28 Sentyabr 2026 13:45 (UTC +04:00)
Türk İnvestisiya Fondu Almatı Hava Limanının modernləşdirilməsinə 20 milyon dollara qədər vəsait ayıracaq
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Türk İnvestisiya Fondu (TİF) Qazaxıstandakı Almatı Beynəlxalq Hava Limanının beynəlxalq maliyyələşdirilməsinə qoşulub.

Bu barədə quurmun mətbuat xidməti məlumat yayıb.

""Bank of America" (BofA) tərəfindən təşkil olunmuş 670 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə çərçivəsində 20 milyon ABŞ dollarınadək vəsait ayıraraq Mərkəzi Asiyanın ən böyük hava limanının modernləşdirilməsini dəstəkləyir", - fondun məlumatında deyilir.

Qeyd olunub ki, maliyyə vəsaiti "Bank of America" (BofA) tərəfindən təşkil edilmiş maliyyələşdirmə çərçivəsində hava limanının investisiya proqramını, uçuş zolaqları və aerodrom infrastrukturunun inkişafını, yükdaşıma imkanlarının genişləndirilməsini, əməliyyat dayanıqlığının və ekoloji göstəricilərinin yaxşılaşdırılmasını dəstəkləyəcək.

Bildirilib ki, Mərkəzi Asiyanın ən böyük hava limanı olan Almatı Beynəlxalq Hava Limanı regionu qlobal bazarlarla birləşdirən mühüm nəqliyyat qovşağıdır. Hava limanı Qazaxıstanın hava yükdaşımalarının təxminən üçdə ikisini həyata keçirir və "Air Astana" aviaşirkətinin əsas bazasıdır. Çin ilə Avropanı birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzərində yerləşən hava limanı regional ticarətin inkişafı, təchizat zəncirlərinin möhkəmləndirilməsi və Avrasiya boyunca nəqliyyat əlaqələrinin gücləndirilməsində strateji rol oynayır. Hazırda ildə 11 milyondan çox sərnişinə xidmət göstərən hava limanının həyata keçirilən investisiya proqramı nəticəsində sərnişin və yükdaşıma imkanlarının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Hava limanı Türkiyədə yerləşən TAV Havalimanları tərəfindən idarə olunur. Bu təşəbbüs Türk İnvestisiya Fondunun təsisçi üzv dövlətləri olan Qazaxıstan və Türkiyə arasında inkişaf edən iqtisadi tərəfdaşlığı əks etdirir. Bu əməliyyat Türk İnvestisiya Fondu üçün iki mühüm institusional mərhələni ifadə edir. Bu, Fondun nəqliyyat infrastrukturu sahəsində ilk investisiyası və beynəlxalq sindikatlaşdırılmış kreditdə ilk iştirakıdır. Layihə Fondun mandatına birbaşa xidmət etməklə regionun infrastruktur ehtiyaclarının aradan qaldırılmasına, əlaqəliliyin və ticarətin gücləndirilməsinə, eləcə də üzv dövlətlər arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə töhfə verir. Maliyyələşdirmə beynəlxalq ekoloji və sosial standartlara uyğun şəkildə həyata keçirilir.

Türk İnvestisiya Fondunun Baş İcraçı Direktoru Ramil Babayev bildirib ki, infrastruktur regional inteqrasiyanın əsasını təşkil edir.

"Bu maliyyələşdirmədə iştirak etməklə Türk İnvestisiya Fondu daha güclü əlaqələrə, daha dayanıqlı ticarət dəhlizlərinə və Türk dünyasında davamlı iqtisadi inkişafa sərmayə yatırır. Nəqliyyat infrastrukturu sahəsində ilk investisiyamız və beynəlxalq sindikatlaşdırılmış maliyyələşdirmədə ilk iştirakımız olan bu əməliyyat Türk İnvestisiya Fondunun aparıcı qlobal maliyyə institutları ilə birlikdə regional əhəmiyyət daşıyan layihələr üçün uzunmüddətli kapital səfərbər etmək imkanını nümayiş etdirən mühüm mərhələdir. Ümid edirik ki, bu əməliyyat üzv dövlətlərimizin rifahına və iqtisadi inteqrasiyasına töhfə verəcək daha çox strateji tərəfdaşlığın əsasını qoyacaq, - o vurğulayıb.

Qeyd edək ki, Türk İnvestisiya Fondu Türk Dövlətləri Təşkilatı çərçivəsində türk dünyası ölkələrinin (Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan) iqtisadi inkişafını və inteqrasiyasını stimullaşdırmaq üçün yaradılmış ilk birgə beynəlxalq maliyyə institutudur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti