Beynəlxalq “Valday” Diskussiya Klubunun XXIII illik iclası öz işinə başlayıb

Dünya xəbərləri Xəbər 28 Sentyabr 2026 14:15 (UTC +04:00)
Beynəlxalq “Valday” Diskussiya Klubunun XXIII illik iclası öz işinə başlayıb

Bakı.Trend:

Sentyabrın 28-də Moskvada “Gələcəyə görə məsuliyyət: mümkün olanın sərhədləri, və ya sərhədsiz imkanlar?” mövzusunda Beynəlxalq “Valday” Diskussiya Klubunun XXIII illik iclası öz işinə başlayıb.

Klubun əsas konfransı oktyabrın 1-dək davam edəcək və Əlcəzair, Argentina, Braziliya, Böyük Britaniya, Almaniya, Misir, Hindistan, İndoneziya, İran, İtaliya, Kanada, Çin, Malayziya, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, İsveçrə, Efiopiya, Cənubi Afrika Respublikası və Yaponiya da daxil olmaqla 40 ölkədən 120 iştirakçını bir araya gətirəcək.

Ötən il Böyük Valday iştirakçıları dövlətlərin davamlı dəyişikliklər şəraitində dayanıqlığını qoruyub saxlamasına imkan verən amilləri müzakirə ediblər. Təşkilatçıların fikrincə, bu gün dünya nizamının böhran keçirməsinə və münaqişələrin görünməmiş dərəcədə kəskinləşməsinə baxmayaraq, gələcəyin necə ola biləcəyini təhlil etmək vacibdir ki, onun formalaşması prosesinə təsir göstərmək mümkün olsun.

Gələcəyə görə məsuliyyət mövzusu bütün il ərzində Valday tədbirlərinin əsas istiqamətini təşkil edib və gündəliyi formalaşdırıb. Böyük Valday iştirakçıları çoxtərəfli institutların böhranı fonunda beynəlxalq həyatın idarəolunanlığı və proqnozlaşdırıla bilməsi məsələsini müzakirə etməyə davam edəcəklər. Təşkilatçılar XXIII illik iclasın iştirakçılarına hərbi-siyasi vəziyyətin gərginləşdirilməsinin, ticarət-iqtisadi əlaqələr sisteminin yenidən formatlaşdırılmasının və yeni texnologiyaların tətbiqinin mümkün nəticələrini nəzərdən keçirməyi, həmçinin dövlətlərin məsuliyyətini və gələcək dünya nizamında rolunu müzakirə etməyi təklif edirlər.

İclas xüsusi olaraq hazırlanmış “Təşvişə ehtiyac yoxdur: dövlət və gələcəyə görə məsuliyyət” adlı məruzənin təqdimatı ilə açılacaq. “Valday Klubunun 2026-cı ilin təlatümlü və narahat dövründə hazırladığı illik məruzə gözümüzün qarşısında cərəyan edən proseslər müəyyən narahatlıq doğursa belə, gələcəyə qorxmadan necə baxmaqdan bəhs edir”, — müəlliflər özləri yazırlar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti