Azərbaycanda elektrik avtobuslarının yerli yığımı genişlənir

İqtisadiyyat Xəbər 28 Sentyabr 2026 17:34 (UTC +04:00)
Azərbaycanda elektrik avtobuslarının yerli yığımı genişlənir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının və Azərbaycanın digər şəhərlərinin küçələrində gördüyümüz elektrik avtobuslarının bir hissəsi artıq Sumqayıt Sənaye Parkında yığılır.

Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti “BYD Azerbaijan Energy Automotive Factory” MMC tərəfindən elektrik mühərrikli avtobusların yığımı həyata keçirilir.

Çinin “BYD” şirkəti ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan layihənin investisiya dəyəri 29 milyon manatdan çoxdur. Müəssisədə 600 nəfərin işlə təmin edilməsi və ildə 250-300 ədəd elektrik avtobusu yığımı nəzərdə tutulur.

İlkin mərhələdə 12 metr uzunluğunda BYD K9UD model elektrik avtobusları yığılır. 82 sərnişin tutumuna malik avtobuslar tam şarjla 350 kilometrədək məsafə qət edə bilir.

Qeyd edək ki, 2025-ci ildə “BakuBus” MMC ilə elektrik avtobuslarının tədarükü üzrə 16,6 milyon manat dəyərində müqavilə də imzalanıb.

Sumqayıtda yığılan elektrik avtobusları artıq Azərbaycanın müxtəlif şəhərlərində istifadə olunur. Belə ki, 2026-cı ilin avqustunda Naxçıvan şəhərində istifadəyə verilən 60 ədəd “BYD” markalı elektrik avtobusu da Sumqayıt Sənaye Parkında yığılıb.

Layihə Azərbaycanda elektrik nəqliyyat vasitələrinin yerli istehsalının inkişafına, müasir texnologiyaların tətbiqinə, sənaye potensialının genişləndirilməsinə və nəqliyyat vasitələri istehsalında lokallaşdırmanın artırılmasına töhfə verir.

Sumqayıt Sənaye Parkı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 21 dekabr 2011-ci il tarixli 548 nömrəli Fərmanı ilə yaradılıb. Parkın yaradılmasında əsas məqsəd ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün əlverişli şərait formalaşdırmaq, sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun dayanıqlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır.

Hazırda Sumqayıt Sənaye Parkının ümumi ərazisi 640 hektar təşkil edir. Parkda həyata keçirilən layihələr üzrə ümumi investisiya həcmi 3,94 milyard ABŞ dollarına çatır və burada 6 134 daimi iş yerinin yaradılması nəzərdə tutulub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti