Bakı. Trend:
“Taxtakörpü” Su Elektrik Stansiyasında (SES) istismara verildiyi tarixdən 2026-cı il sentyabrın 1-dək 675,5 milyon kVt·st elektrik enerjisi istehsal olunub.
Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2013-cü il sentyabrın 28-də Şabran rayonu ərazisində, Samur çayı üzərində yerləşən Taxtakörpü su anbarında inşa edilmiş “Taxtakörpü” Su Elektrik Stansiyası (SES) istismara verilib.
Ümumi gücü 25 MVt olan stansiya hər birinin gücü 8,33 MVt təşkil edən 3 hidroaqreqatdan ibarətdir.
Su elektrik stansiyaları bərpaolunan enerji mənbələrindən istifadə etməklə elektrik enerjisi istehsal etdiyinə görə Azərbaycanın enerji keçidi və yaşıl enerjinin inkişafı istiqamətində mühüm rol oynayır. Energetika Nazirliyinin məlumatında qeyd olunub ki, su elektrik stansiyaları atmosferə istixana effekti yaradan qazlar atmadığından ekoloji cəhətdən təmiz enerji istehsalı müəssisələri hesab olunur.
Hazırda Azərbaycanda yaşıl enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt qiymətləndirilir. Ölkənin iqtisadi potensialı 27 QVt təşkil edir. Bunun 3 QVt-ı külək, 23 QVt-ı Günəş enerjisinin payına düşür. Bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt həcmində qiymətləndirilir.
Bir müddət əvvəl “Qobustan” Günəş Elektrik Stansiyasının istismara verilməsi ilə Azərbaycanda bərpaolunan enerji mənbələri üzrə ümumi güc 2170 MVt-a, stansiyaların sayı isə 85-ə çatıb. Onlardan 65-i su elektrik stansiyası olmaqla ümumi gücü 1443,5 MVt, 6-sı külək elektrik stansiyası olmaqla gücü 306,5 MVt, 10-u Günəş elektrik stansiyası olmaqla gücü 378,2 MVt, 3-ü hibrid elektrik stansiyası olmaqla gücü 7,3 MVt təşkil edir. Bundan başqa, ölkədə gücü 37 MVt olan 1 biokütlə elektrik stansiyası fəaliyyət göstərir.
Beləliklə, bərpaolunan enerji mənbələri Azərbaycanın ümumi enerji gücünün təxminən 21,5 faizini təşkil edir. 2027-ci ilin sonunadək isə ölkədə təxminən 1,5 QVt gücündə bərpaolunan enerji layihələrinin reallaşdırılması nəzərdə tutulur.
Eyni zamanda, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda su elektrik stansiyalarında (SES) 2,499 milyard kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 242 milyon kVt-saat və ya 10,7% artım deməkdir.
Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilin yanvar-avqust aylarında 2 milyard 373,3 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 448,5 milyon manat təşkil edib.
Dövlət Gömrük Komitəsinin son məlumatına əsasən isə bu ilin yanvar-avqust aylarında Azərbaycanda 16,629 milyon ABŞ dolları dəyərində 319,040 milyon kilovat-saat elektrik enerjisi ixrac edilib.
Trend-in komitənin məlumatları əsasında hesablamasına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin ixracı dəyər ifadəsində 36,105 milyon ABŞ dolları və ya 3,2 dəfə, həcm ifadəsində isə 600,885 milyon kilovat-saat və ya 2,9 dəfə azalıb.
Hesabat dövründə elektrik enerjisi ixracının qeyri-neft sektoru ixracındakı payı 0,26 faiz təşkil edib.
