Orta Dəhlizin 16 prioritet layihəsinin ümumi dəyəri 25,1 milyard dollar qiymətləndirilir - Dünya Bankı

İqtisadiyyat Xəbər 28 Sentyabr 2026 18:07 (UTC +04:00)
Orta Dəhlizin 16 prioritet layihəsinin ümumi dəyəri 25,1 milyard dollar qiymətləndirilir - Dünya Bankı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Orta Dəhlizin 16 prioritet layihəsinin ümumi dəyəri 25,1 milyard dollar qiymətləndirilir.

Bu barədə Dünya Bankının “İnteqrasiya: Transxəzər Nəqliyyat Dəhlizi boyunca qabaqcıl ticarət logistikası” adlı hesabatında deyilir.

Qeyd olunur ki, Orta Dəhliz kütləvi yüklərin təchizat zəncirləri üçün tədricən səmərəli ticarət marşrutuna çevrilir. Hesabata əsasən, son illərdə Avrasiya ölkələri arasında ticarət maneələrinin artması fonunda Transxəzər Dəhlizi hakimiyyət orqanlarının getdikcə daha çox diqqətini cəlb edir.

“Bu, dəhlizin keçdiyi ölkələrin infrastrukturun inkişafı ilə bağlı əhəmiyyətli təşəbbüsləri, bir qayda olaraq, Dünya Bankı da daxil olmaqla beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə həyata keçirməsi ilə müşayiət olunur. Hazırda Transxəzər Dəhlizi üçün zəruri olan ən təcili və ya əhəmiyyətli 16 infrastruktur investisiyasından ümumi dəyəri 25,1 milyard dollar olan layihələrin 75 faizi artıq həyata keçirilir və ya yaxın zamanda başlanması gözlənilir. Bu zəruri investisiyalar məqsədyönlüdür və buna görə də etibarlı iqtisadi əsaslara malikdir”, - deyə hesabatda bildirilir.

Bununla yanaşı, Dünya Bankı qeyd edir ki, 16 prioritet layihədən savayı, əlavə investisiyalar tələb olunacaq və ya dəhliz ölkələri üçün yeni investisiya imkanları yaranacaq. Onların ən əhəmiyyətliləri də hesabatda müəyyən edilib.

Sənədə əsasən, infrastruktur investisiyalarının hazırkı dinamikası göstərir ki, Transxəzər Dəhlizinin gələcək inkişafı üçün əsas məhdudiyyət, ehtimal ki, infrastruktur çatışmazlığı deyil, onun fəaliyyətinin səmərəliliyi olacaq.

Dünya Bankı bildirir ki, dəhliz üçün ən aktual, lakin uzunmüddətli vəzifə konteyner daşımaları üçün rəqabətqabiliyyətli və dayanıqlı marşruta çevrilməkdir. Hesabata görə, bunun üçün dəhlizin səmərəliliyinin artırılmasına yönəlmiş əhəmiyyətli dəyişikliklərə ehtiyac var.

“Sabit müddətlərə riayət etməklə müntəzəm daşımalar, yüksək etibarlılıq səviyyəsi, proseslərə inteqrasiya olunmuş şəffaflıq, standart olmayan vəziyyətlərin operativ idarə edilməsi və təhlükəsiz rəqəmsallaşma konteyner bazarlarına xidmət göstərmək üçün zəruridir”, - deyə sənəddə bildirilir.

Bundan əlavə, Dünya Bankı dəhlizin logistika sistemini tənzimləyən nəqliyyat, tranzit və ticarət proseslərinə, habelə sərhədyanı qarşılıqlı fəaliyyət mexanizmlərinə yenidən baxılmasını zəruri hesab edir.

Hesabatda məlumatları, sənədləri, qərar qəbuletməni, investisiyaları və xidmətləri əhatə etməli olan inteqrasiyaya yeni yanaşmanın zəruriliyi vurğulanır.

“Hal-hazırda Transxəzər Dəhlizində sərhədyanı qarşılıqlı fəaliyyətin bu səviyyədə inteqrasiyası çatışmır”, - deyə sənəddə qeyd olunur.

Bununla yanaşı, Dünya Bankının gəldiyi qənaətə görə, digər ticarət dəhlizlərinin inkişafı üzrə beynəlxalq təcrübə göstərir ki, belə inteqrasiya səviyyəsinə məqsədyönlü tədbirlər, əlaqələndirilmiş əməkdaşlıq və uzunmüddətli yanaşma vasitəsilə, eyni zamanda operativ tədbirlərin görülməsi zərurəti nəzərə alınmaqla nail olmaq mümkündür.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti