Bakı.Trend:
Səudiyyə Ərəbistanı daha əvvəl Yəmənin üsyançı “Ənsar Allah” hərəkatı (husilər) tərəfindən hücuma məruz qalan Şərq-Qərb neft kəməri vasitəsilə ixracı bərpa edib.
Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, dövlət şirkəti “Saudi Aramco” neftin xaricə göndərilməsi üçün kəmərlə nəqlinə başlayıb.
Qeyd olunub ki, neft kəmərinin yenidən işə salınması ölkənin Hörmüz boğazından yan keçməklə alternativ ixrac marşrutundan istifadəsini bərpa edəcək.
Daha əvvəl agentlik Səudiyyə Ərəbistanının kəmərlə neft nəqlinə azaldılmış həcmdə başladığını yazmışdı. Uzunluğu 1,2 min kilometr olan Şərq-Qərb neft kəməri ilə Şərq əyalətindəki yataqlardan Qırmızı dəniz sahilində yerləşən Yanbu limanına neft nəql olunur. Kəmərin ötürücülük qabiliyyəti sutkada 7 milyon barrelə çatır.
