Bakı. Trend:
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə dəstəyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) koordinasiyası ilə həyata keçirdiyi “Mina və partlayıcı sursatların təhlükəsinə qarşı mübarizəyə dəstək” qrant layihəsi çərçivəsində Ağdam rayonunda növbəti maarifləndirmə təlimləri təşkil olunub.
Bu barədə BAMF məlumat yayıb.
Bildirilib ki, bu dəfə layihə çərçivəsində yenidən qurulan Ağdam şəhəri 1 nömrəli tam orta məktəbdə və Kəngərli kənd tam orta məktəbində hər birində 2 olmaqla ümumilikdə 4 təlim keçirilib. Təlimlərdə şagirdlərə mina və partlayıcı sursatların yaratdığı təhlükələr, riskli ərazilərin əsas əlamətləri və belə hallarda düzgün davranış qaydaları barədə məlumat verilib.
Təlimlərdə layihə rəhbəri Xudaverdi Quliyev, layihə rəhbərinin köməkçisi, minadan zərərçəkən Vidadi Məmmədzadə, mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə (PSTM) üzrə təlimçi Kamran Məmmədli və BAMF-ın regional inzibati direktoru Ruslan İbrahimbəyli iştirak ediblər. Layihə rəhbəri Xudaverdi Quliyev çıxışında işğaldan azad edilmiş ərazilərdə qayıdış və məskunlaşma prosesinin davam etdiyi bir dövrdə xüsusilə uşaqlar və yeniyetmələr arasında mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə işlərinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O, həmçinin, layihənin həyata keçirilməsinə göstərilən dəstəyə görə donor qurumlara, eləcə də Ağdam rayonunda təlimlərin təşkilinə göstərilən dəstəyə görə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinə təşəkkürünü bildirib.
Minadan zərərçəkən, layihə rəhbərinin köməkçisi Vidadi Məmmədzadə isə şəxsi təcrübəsindən çıxış edərək mina və partlayıcı sursatların yaratdığı təhlükələrdən danışıb, şagirdləri şübhəli əşyalardan uzaq durmağa və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
Daha sonra təlimçi Kamran Məmmədli tərəfindən keçirilən sessiyalarda minaların növləri, tələ və sürpriz minalar, partlamamış hərbi sursatlar, təhlükəli ərazilərin əlamətləri, şübhəli əşya aşkarlandıqda düzgün davranış qaydaları və aidiyyəti qurumların məlumatlandırılması barədə iştirakçılara ətraflı məlumat verilib. Eyni zamanda, layihə çərçivəsində hazırlanmış xüsusi maarifləndirici formalar iştirakçılar arasında paylanılıb.
Qeyd edək ki, qrant layihəsinin əsas məqsədi Ağdam, Ağdərə və Xocalı rayonlarında, eləcə də Xankəndi şəhərində yaşayan, çalışan və təhsil alan əhali arasında mina və partlayıcı sursatların təhlükəsinə dair məlumatlılığı artırmaq, bununla da mina hadisələrinin qarşısının alınmasına və insanların təhlükəsizliyinin qorunmasına töhfə verməkdir.
