Bakı.Trend:
Orta Dəhliz keçdiyi ölkələrdə ümumi daxili məhsulun (ÜDM) təxminən 3,3 faiz, məşğulluğun isə 2,9 faiz artımını təmin etməklə iqtisadi artım amillərindən birinə çevrilmək potensialına malikdir.
Bu barədə Dünya Bankının “İnteqrasiya: Transxəzər Nəqliyyat Dəhlizi boyunca qabaqcıl ticarət logistikası” adlı hesabatında deyilir.
Sənəddə qeyd olunur ki, bu göstəricilərə müvafiq investisiyaların həyata keçirilməsi ilə yanaşı, siyasət, institutlar və əməliyyat fəaliyyəti sahələrində əlavə islahatların aparılması şərtilə nail olmaq mümkündür.
Hesabata görə, Transxəzər Nəqliyyat Dəhlizinə yatırılan investisiyalar, ilk növbədə, nəqliyyat əlaqəliliyinin yaxşılaşdırılması və ticarət və nəqliyyat xərclərinin azaldılması hesabına Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə ölkələri üçün iqtisadi faydalar təmin edə bilər.
“Dünya Bankının makroiqtisadi modelləşdirməsi dəhlizin inkişafında iştirak edən bütün ölkələrin ÜDM-i və məşğulluğuna müsbət, lakin miqyası ölkələr üzrə fərqlənən təsir göstərəcəyini nümayiş etdirir.
Uzunmüddətli perspektivdə dəhliz iqtisadiyyatına daxil olan ölkələrdə ÜDM-in orta artımının təxminən 3,3 faiz olacağı qiymətləndirilir.
Qazaxıstan və Türkiyə kimi daha iri iqtisadiyyatlar iqtisadiyyatlarının miqyası və dəhliz şəbəkəsində mərkəzi mövqeləri nəzərə alınmaqla, mütləq ifadədə ən böyük artımı əldə edə bilər. Bununla yanaşı, Ermənistan və Qırğızıstan da daxil olmaqla, dənizə çıxışı olmayan kiçik ölkələrin nəqliyyat əlaqələrinin yaxşılaşdırılması nəticəsində nisbi ifadədə daha yüksək artım əldə edəcəyi gözlənilir.
Məşğulluğa təsirin də dəhlizin keçdiyi bütün ölkələrdə müsbət olacağı qiymətləndirilir. Məşğulluğun ümumi artımı 2,9 faiz təşkil edə bilər.
Məşğulluğun ən əhəmiyyətli artımının tikinti, ticarət və biznes xidmətləri, eləcə də onlarla əlaqəli emal sənayesi, nəqliyyat və aqroərzaq sektorlarında baş verəcəyi gözlənilir”, — deyə hesabatda bildirilir.
