Bakı. Trend:
Orta Dəhliz üzrə yüklərin göndərilmə və təyinat məntəqələri arasında tipik daşınması gömrük tranzit rejimlərindən 10 dəfə keçidi nəzərdə tutur və hər biri üçün ayrıca gömrük tranzit bəyannaməsi tələb olunur.
Bu barədə Dünya Bankının “İnteqrasiya: Transxəzər Nəqliyyat Dəhlizi boyunca qabaqcıl ticarət logistikası” hesabatında deyilir.
“Bundan əlavə, daşınma zamanı daşınma müqaviləsini təsdiq edən beş sənədin (qaimələrin), həmçinin iki dəniz konosamentinin rəsmiləşdirilməsi tələb olunur. Konkret daşınmadan asılı olaraq əlavə sənədlər, o cümlədən yük avtomobillərinin tranzitinə icazələr və gömrük ödənişlərinin ödənilməsinə dair təminatları təsdiq edən sənədlər tələb oluna bilər. Belə proses artıq və səmərəsizdir ki, bu da çatdırılma müddətlərini artırır və onların proqnozlaşdırılmasını çətinləşdirir, həmçinin ticarət xərclərini yüksəldir.
Beynəlxalq təcrübə, o cümlədən Avrasiya logistikasının digər seqmentlərindəki təcrübə nəzərə alınmaqla, Orta Dəhliz sadalanan sənədləri vahid sənəddə və ya vahid sənədin T3 məlumat qeydində birləşdirməklə nəqliyyat və gömrük tranziti prosedurlarının təşkilinin mövcud modelini dəyişə bilər.
T3 sənədindən yalnız gömrük tranzitinin sadələşdirilməsi və nəqliyyat xidmətləri üzrə müqavilələrin bağlanması üçün deyil, həm də dövriyyə sənədi kimi istifadə edilə bilər. Bu, yük göndərənlərə ondan ticarətin maliyyələşdirilməsi məqsədilə istifadə etməyə və ya yüklər daşınarkən malları satmağa imkan verəcək”, - deyə bank bildirir.
Dünya Bankı qeyd edir ki, sənədləşmə xidmətlərin göstərilməsinin iki əsas aspektindən yalnız biridir: “İkincisi isə nəqliyyat xidmətlərinin, eləcə də yüklərin emalı və bölüşdürülməsi xidmətlərinin necə təklif edilməsi, qiymətləndirilməsi, göstərilməsi və tənzimlənməsidir”.
“Xidmətlərin göstərilməsinin səmərəliliyini artırmaq üçün, daşınmalara bir neçə dəmir yolu operatorunun və Xəzər dənizində fəaliyyət göstərən gəmiçilik xətlərinin cəlb olunduğu şəraitdə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu əməliyyatları vahid müştərək müəssisə çərçivəsində inteqrasiya edə bilər. Bu, nəqliyyat aktivlərinə sahib olmayan, konteynerlərlə dəmir yolu və Xəzərdən dəniz daşımalarını həyata keçirən operator ola bilər. Belə operatorun ideal halda Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyədən nəqliyyat aktivlərinə sahib aparıcı dövlət dəmir yolu və gəmiçilik şirkətlərinə məxsus olması nəzərdə tutulur. Bu, yüklərin daşıyıcılar arasında ötürülməsini və müxtəlif nəqliyyat növlərinin qarşılıqlı əlaqəsini sadələşdirməyə, həmçinin tarifləri və marşrutları, fövqəladə halların idarə edilməsini, yüklərin göndərilməsini və müştərilərə xidmət göstərilməsini optimallaşdırmağa imkan verəcək”, - deyə DB bildirir.
Dünya Bankı qeyd edir ki, Orta Dəhliz üzrə nəqliyyat və gömrük tranziti prosedurlarının təşkil modelinin transformasiyasına və nəqliyyat əməliyyatlarının daha sıx inteqrasiyasına ehtiyac təxirəsalınmazdır: “Buna görə də bu məsələnin həlli üzrə tədbirlər dəhlizin keçdiyi ölkələr və təyinat ölkələri tərəfindən artıq yaxın perspektivdə həyata keçirilməlidir”.
Qeyd olunur ki, bununla yanaşı, beynəlxalq təcrübə belə tədbirlərin həyata keçirilməsinin, ehtimal ki, uzun vaxt tələb edəcəyini və pilot layihələrdən, düzəlişlərdən və yanaşmaların tədricən təkmilləşdirilməsindən istifadə edilməklə bir neçə il ərzində həyata keçirilə biləcəyini göstərir.
