Bakı.Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İtaliyanın "Italiana Petroli" (IP) şirkətinin yanacaqdoldurma məntəqələri şəbəkəsində benzin və dizel yanacağının qiymətlərini məhdudlaşdırmaq qərarı Azərbaycanın İtaliyanın enerji bazarında iştirakının yeni mərhələsinin ən nəzərəçarpan təzahürlərindən biri olub. Bir neçə il əvvəl Azərbaycan-İtaliya enerji əməkdaşlığının əsasını, ilk növbədə, neft və qaz tədarükü təşkil edirdi. Bu gün isə model əhəmiyyətli dərəcədə genişlənir: Azərbaycan SOCAR vasitəsilə Avropanın ən iri enerji bazarlarından birində neft emalı, logistika, neft məhsullarının topdan və pərakəndə satışı sahələrində birbaşa iştirak əldə edir.
SOCAR əvvəlcə IP brendi altında fəaliyyət göstərən bütün yanacaqdoldurma məntəqələri şəbəkəsində benzin və dizel yanacağının qiymətlərinin məhdudlaşdırılması mexanizmini mərhələli şəkildə tətbiq edəcəyini açıqlayıb. Bununla belə, konkret maksimal qiymət səviyyəsi hələ müəyyən edilməyib: şirkət bu həddi bazarın tələbatını və tədarük zəncirinin iqtisadi dayanıqlığını nəzərə alaraq müəyyənləşdirməyi planlaşdırır. Gələcəkdə mexanizmin Esso brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinə, eləcə də IP-dən yanacaq alan digər operatorlara şamil edilməsi nəzərdən keçirilir.
Qərar İtaliya bazarında qiymətlərin əhəmiyyətli dərəcədə artdığı bir vaxtda qəbul edilib. Sahibkarlıq və istehsal Nazirliyinin son məlumatlarına görə, sentyabrın 27-nə avtomobil yolları şəbəkəsində özünəxidmət zamanı benzinin orta qiyməti litri 2,159 avro, dizel yanacağının qiyməti isə 2,377 avro təşkil edib. Magistral yollarda göstəricilər daha yüksək olub – müvafiq olaraq 2,254 və 2,459 avro. Dizel yanacağı ilə bağlı vəziyyət xüsusilə diqqətçəkəndir: magistral yollarda onun qiyməti litri 2,50 avro həddinə yaxınlaşıb.
Beləliklə, SOCAR İtaliya bazarına yanacağın qiymətinin artıq yalnız ayrı-ayrı şirkətlərin məsələsi olmadığı və birbaşa ev təsərrüfatlarına, nəqliyyata və biznesə təsir göstərdiyi bir vaxtda daxil olur.
SOCAR-la demək olar ki, eyni vaxtda İtaliyanın "Eni" şirkəti də analoji addım atıb: şirkət Enilive yanacağı üçün maksimal qiymətləri benzin üzrə litrə 1,99 avro, dizel üzrə isə 2,19 avro səviyyəsində müəyyənləşdirib. Beləliklə, SOCAR-ın qərarı İtaliya bazarının iri iştirakçılarının istehlakçıların üzərinə düşən yükün artmasına formalaşmaqda olan reaksiyasının bir hissəsidir.
Lakin SOCAR-ın vəziyyətində prinsipial fərq var: söhbət Azərbaycan şirkətinin yalnız öz pərakəndə satış şəbəkəsində qiymətləri tənzimləməsindən getmir. IP bu yaxınlarda SOCAR-ın tərkibinə daxil olub və onun infrastrukturundan istifadə artıq Avropanın tədarük zəncirində şaquli inteqrasiya olunmuş iştirakın yaratdığı imkanları nümayiş etdirir.
Qeyd etmək yerinə düşər ki, İtaliyanın Baş naziri Ciorcia Meloni SOCAR-ın qərarını şərh edərkən onu birbaşa ikitərəfli əməkdaşlıqla əlaqələndirib və Azərbaycan Prezidenti İlham Əliyevə və SOCAR prezidenti Rövşən Nəcəfə təşəkkürünü bildirib. Beləliklə, təşəbbüs ikitərəfli münasibətlər üçün yalnız korporativ deyil, həm də siyasi əhəmiyyət daşıyıb.
"Italiana Petroli" SOCAR-ın strateji aktivinə çevrilir
SOCAR bu il "Italiana Petroli" şirkətinin səhmlərinin 99,82 faizinin alınmasını başa çatdırıb. Sövdələşmə Azərbaycan şirkətinin Avropada downstream biznesinin genişləndirilməsi istiqamətində atdığı ən böyük addım olub.
Əldə edilmiş biznesin miqyası baş verən dəyişiklikləri anlamaq baxımından prinsipial əhəmiyyət daşıyır. IP-nin Ankona və Novara şəhərlərində ümumi gücü ildə təxminən 10 milyon ton olan iki neft emalı zavodu, təxminən 4 500 yanacaqdoldurma məntəqəsi, yanacağın topdan satışı, saxlama və logistika sistemləri, həmçinin bitum, aviasiya yanacağı və sürtkü materiallarının istehsalı və satışı var.
Başqa sözlə, SOCAR İtaliyada sadəcə yanacaqdoldurma məntəqələri şəbəkəsi əldə etməyib. Şirkət emal və saxlamadan tutmuş topdansatış əməliyyatlarına və son istehlakçıya qədər "downstream" zəncirinin demək olar ki, bütün əsas mərhələlərində iştirak etməyə imkan verən hazır infrastruktur əldə edib.
Sövdələşmənin strateji əhəmiyyəti də məhz bundan ibarətdir.
IP-nin alınmasına qədər Azərbaycan İtaliya üçün, ilk növbədə, enerji resursları təchizatçısı idi. Şirkətin alınmasından sonra isə Azərbaycan şirkəti eyni zamanda investor, neft emalı güclərinin sahibi və İtaliyanın daxili neft məhsulları bazarının iştirakçısına çevrilir. Bu, münasibətlər modelində keyfiyyət dəyişikliyidir.
İki ölkənin enerji əməkdaşlığı artıq əhəmiyyətli miqyasa malikdir. 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan İtaliyaya 5,2 milyard dollar dəyərində 8,47 milyon ton xam neft və neft məhsulları ixrac edib. Dəyər ifadəsində həcm 424 milyon dollar və ya 8,8 faiz artıb.
Bununla yanaşı, İtaliya istiqaməti son illərdə Azərbaycan neftinin ən mühüm bazarlarından biri olaraq qalır. 2021-ci ildə tədarük 12,58 milyon ton, 2022-ci ildə 8,9 milyon ton, 2023-cü ildə 11,1 milyon ton, 2024-cü ildə 10,95 milyon ton, 2025-ci ildə isə 13,1 milyon ton təşkil edib.
Əgər neft əməkdaşlığı tarixən enerji münasibətlərinin əsasını formalaşdırıbsa, təbii qaz tədricən ikinci, heç də az əhəmiyyətli olmayan dayağa çevrilir.
İtaliya Azərbaycan qazının ən böyük satış bazarıdır. 2025-ci ildə Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib ki, bunun 9,5 milyard kubmetri İtaliya bazarının payına düşüb – ümumi ixracın təxminən 38 faizi.
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan İtaliyaya təxminən 2,38 milyard dollar dəyərində 4,89 milyard kubmetr qaz ixrac edib.
Bu göstəricilər Avropanın enerji bazarının yenidən qurulmasının davam etdiyi şəraitdə əlavə əhəmiyyət qazanır. Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə artıq Avropaya 60 milyard kubmetrdən çox qaz tədarük edilib ki, bunun da 50 milyard kubmetri İtaliyanın payına düşür.
Bununla yanaşı, İtaliyanın Azərbaycan qazı üçün əhəmiyyəti ikitərəfli tədarüklər çərçivəsindən kənara çıxır. 2026-cı ilin yanvarından SOCAR TAP vasitəsilə nəql olunan əhəmiyyətli həcmdə qazı Avstriya və Almaniyadakı alıcılara tədarük etməyə başlayıb. Beləliklə, İtaliya infrastrukturu faktiki olaraq Azərbaycan qazının Avropa bazarlarına çıxışının daha geniş sisteminin bir hissəsinə çevrilir.
Məhz buna görə TAP-ın gələcək inkişafı enerji tərəfdaşlığının əsas məsələlərindən birinə çevrilir.
Ciorcia Meloninin 2026-cı ilin mayında Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəflərin İtaliyaya qaz tədarükünün həcminin artırılmasını müzakirə etdiklərini bildirib və TAP-ın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Bu, mövcud münasibətlər strukturunun məntiqinə tam uyğundur. Bir tərəfdən, İtaliyaya enerji mənbələrini şaxələndirmək lazımdır. Digər tərəfdən, Azərbaycan Avropa bazarlarına çıxış imkanlarını genişləndirməlidir. Bu sistemdə TAP Azərbaycanın resurs bazası ilə Avropadakı tələbat arasında fiziki əlaqələndirici rolunu oynayır.
Lakin enerji əlaqələri artıq boru kəməri ilə məhdudlaşmır.
Enerji və investisiyalar vahid sistemə çevrilir
Mövcud mərhələnin xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycanla İtaliya arasında enerji münasibətləri eyni anda bir neçə səviyyəni birləşdirməyə başlayır: xammal tədarükü, nəql, emal, logistika, pərakəndə satış və investisiyalar.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2026-cı ilin ilk yarısında İtaliyanın enerji sektoru Azərbaycanın xarici investisiyalarının ən böyük istiqamətinə çevrilib. Bu investisiyaların əhəmiyyətli hissəsi məhz "Italiana Petroli" şirkətində payın alınması ilə bağlı olub.
Bununla yanaşı, Azərbaycan Dövlət Neft Fondu son illərdə İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar investisiya yatırıb.
Beləliklə, kapital hər iki istiqamətdə hərəkət edir: İtaliya Azərbaycan enerji resursları üçün böyük bazardır, Azərbaycan isə İtaliyanın enerji infrastrukturuna nəzərəçarpan investor olur.
Bu isə sadə “təchizatçı-alıcı” sxemindən daha dayanıqlı qarşılıqlı asılılıq modeli yaradır.
Azərbaycan İtaliyaya neft və qaz tədarükündə ikinci yeri tutur, İtaliya tərəfi isə enerji tədarükünün yalnız həcmlərinin deyil, sənaye tərəfdaşlığının keyfiyyətinin də inkişaf etdirilməsinin zəruriliyini vurğulayır. Beləliklə, söhbət artıq enerji resurslarının ticarətindən birgə sənaye və investisiya ekosisteminin formalaşdırılmasına keçiddən gedir.
Enerji tərəfdaşlığından strateji əlaqəyə
Nəticə etibarilə, hazırkı Azərbaycan-İtaliya enerji münasibətlərini artıq yalnız neft və qazın həcmləri ilə təsvir etmək çətindir.
Bir tərəfdən, Azərbaycan İtaliya üçün əsas enerji resursları təchizatçılarından biri olaraq qalır. Digər tərəfdən, SOCAR vasitəsilə İtaliya iqtisadiyyatının daxilində iri downstream infrastrukturunun sahibi olur. Eyni zamanda, Azərbaycan qazı İtaliya vasitəsilə digər Avropa bazarlarına əlavə çıxış əldə edir, İtaliya kapitalı və texnologiyaları isə Azərbaycandakı layihələrdə iştirakını davam etdirir.
Məhz buna görə, "Italiana Petroli"nin alınmasına Cənub Qaz Dəhlizi və neft tədarükü ətrafında formalaşmış enerji tərəfdaşlığının məntiqi davamı kimi, lakin artıq başqa səviyyədə baxmaq lazımdır.
Əvvəllər əsas sual Azərbaycanın İtaliyaya nə qədər neft və qaz tədarük edə biləcəyi idisə, indi başqa bir sual ortaya çıxır: SOCAR birbaşa İtaliyanın enerji sistemində hansı rolu oynaya bilər və iki bazarın inteqrasiyası nə dərəcədə irəliləyə bilər.
Bu sualın cavabı yalnız yanacağın qiymətlərindən, tədarük həcmlərindən və ya TAP-ın genişləndirilməsindən asılı olmayacaq. Emala yatırılan investisiyalar, logistika, yeni enerji layihələrinin inkişafı və iki ölkənin enerji əməkdaşlığını nəqliyyat və sənaye əlaqəliliyi ilə birləşdirmək qabiliyyəti mühüm amillər olacaq.
