Bakı. Trend:
Bakı Limanı Orta Dəhlizin ən mühüm qovşaqlarından biridir, çünki Azərbaycanın ərazisində və Xəzər dənizinin qərb sahilində müqayisəolunan gücə və əməliyyat imkanlarına malik başqa universal yük limanı yoxdur.
Bu barədə Dünya Bankının “İnteqrasiya: Transxəzər Nəqliyyat Dəhlizi boyunca qabaqcıl ticarət logistikası” hesabatında deyilir.
Sənədə əsasən, Bakı Limanının gücü hazırkı 15 milyon tondan 25 milyon tona, konteyner gücü isə birinci mərhələdə 150 min TEU-dan 260 min TEU-ya, sonrakı mərhələdə isə təxminən 500-650 min TEU-ya çatdırılır.
“Genişləndirmə, xüsusilə, mövcud giriş kanalında dibdərinləşdirmə işlərini, həmçinin mövcud və planlaşdırılan körpü sahələrində işləri nəzərdə tutur.
2025-ci ildə Bakı Limanı 107 min TEU daxil olmaqla, 8,2 milyon ton yük emal edib. Limanın konteyner dövriyyəsi illik ifadədə 39 faiz artıb”, - deyə hesabatda bildirilir.
Həmçinin qeyd olunur ki, limanın dövlət-özəl tərəfdaşlığının həyata keçirilməsi sahəsində təcrübəsi var.
“Belə ki, özəl sektorun iştirakı ilə gübrələrin aşırılması terminalı yaradılıb, ayrı-ayrı ümumi və konteyner yüklərinin emalı əməliyyatlarında özəl stevedor şirkətlərinin iştirakı genişləndirilib”, - deyə hesabatda bildirilir.
Dünya Bankının qiymətləndirməsinə görə, yeni terminalların, o cümlədən ixtisaslaşdırılmış konteyner terminalının tikintisi də daxil olmaqla, Bakı Limanının 25 milyon tona və təxminən 500-650 min TEU-ya qədər davam edən genişləndirilməsi limanın idarəetmə modelinin dəyişdirilməsi üçün imkan yaradır.
Sənəddə qeyd olunur ki, bu proses çərçivəsində limanın idarə edilməsində “landlord-port” modelinin prinsiplərindən daha geniş istifadə etmək və rəqabət əsasında bağlanan uzunmüddətli konsessiya müqavilələri əsasında yeni terminalların idarə edilməsinə bir və ya bir neçə aparıcı beynəlxalq özəl operator cəlb etmək mümkündür.
