Bakı. Trend:
Bakıda Süleyman Sani Axundov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 29-dan 16 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, dəyişiklik 2, 3, 33, 41, 45, 71, 88, 93, 100, 108A, 108B, 123, 147, 179, 202 və 203 nömrəli müntəzəm marşrutlara şamil olunacaq.
41, 45, 71, 100, 108A, 108B, 123, 147, 179 və 203 nömrəli avtobusların hərəkəti İbrahimpaşa Dadaşov və Cəfər Xəndan küçələri, Azadlıq prospekti və Binəqədi şosesi ilə təşkil ediləcək.
2 nömrəli marşrutun “Avtovağzal” metro stansiyası istiqamətində hərəkəti Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələri, Ziya Bünyadov prospekti ilə, əks istiqamətdə isə Əhməd Rəcəbli və Süleyman Sani Axundov küçələri ilə təşkil olunacaq.
3 nömrəli marşrut “Dərnəgül” metro stansiyası istiqamətində Cəfər Xəndan, Əhməd Rəcəbli və Süleyman Sani Axundov küçələri ilə hərəkət edəcək. Əks istiqamətdə avtobuslar Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələrindən, Ziya Bünyadov və Atatürk prospektlərindən keçəcək.
33 nömrəli marşrut Əhməd Rəcəbli və Süleyman Sani Axundov, 88 nömrəli marşrut Cəfər Xəndan və Əhməd Rəcəbli, 93 nömrəli marşrut isə Şövkət Məmmədova, Cəfər Xəndan və Əhməd Rəcəbli küçələri ilə “Dərnəgül” stansiyasına hərəkət edəcək. 202 nömrəli marşrutun Biləcəri istiqamətində hərəkəti Cəfər Xəndan küçəsi və Azadlıq prospekti ilə təşkil olunacaq.
AYNA bildirib ki, 7-ci mikrorayon sakinlərinin “Dərnəgül” stansiyasına gedişini təmin etmək üçün 3 nömrəli marşrutdan ayrılan avtobuslar Abay Kunanbayev küçəsi ilə stansiya arasında sərnişinlərə ödənişsiz xidmət göstərəcək.
