Bakı. Trend:
Böyük Britaniya hökuməti ABŞ-ın dizel yanacağının ixracına mümkün məhdudiyyətlər tətbiq etməsi halında ölkənin bu tədbirlərdən istisna edilməsinə nail olmaq üçün Vaşinqtonla məxfi danışıqlar aparır.
Bu barədə Bloomberg məsələ ilə bağlı məlumatlı mənbəyə istinadən xəbər verib.
Mənbənin bildirdiyinə görə, Baş nazir Endi Börnhəmin kabinetinin nümayəndələri son günlər ABŞ rəsmiləri ilə bu məsələni müzakirə ediblər.
Agentliyin məlumatına əsasən, mümkün ixrac məhdudiyyətləri Londonu ciddi şəkildə narahat edir. Bunun əsas səbəbi Böyük Britaniyanın ABŞ dizel yanacağının əsas idxalçıları arasında yer almasıdır. Dizeldən yük avtomobillərində, kənd təsərrüfatı texnikasında və bəzi minik avtomobillərində istifadə olunur.
Avtomobil təşkilatı RAC-ın məlumatına görə, sentyabrın 28-də Böyük Britaniyada dizelin bir litrinin orta qiyməti rekord həddə yüksələrək 199,18 pensə çatıb. Bu, 1,99 funt sterlinq və ya 2,64 dollara bərabərdir. Britaniyanın maliyyə naziri Con Hili yanacağın bahalaşmasının əhali və biznes üçün təzyiqi artırdığını bildirib. O, Londonun Vaşinqtonla, o cümlədən ticarət məsələləri üzrə müntəzəm təmaslar saxladığını təsdiqləyib.
ABŞ Prezidenti Donald Trampın administrasiyası dizel yanacağının ixracına qısamüddətli qadağa tətbiq edilməsinin mümkün nəticələrini qiymətləndirir. Tramp sentyabrın 27-də bu məsələ ilə bağlı sualı cavablandırarkən məhdudiyyətlərin tətbiqini “çox ciddi şəkildə” nəzərdən keçirdiyini deyib.
Ağ Ev noyabr ayında keçiriləcək Konqresə aralıq seçkiləri
ərəfəsində ölkədə yanacaq qiymətlərini nəzarətdə saxlamağa
çalışır.