Ələt Azad İqtisadi Zonasının investisiya imkanları MIHAS beynəlxalq sərgisində təqdim olunub (FOTO)

İqtisadiyyat Xəbər 29 Sentyabr 2026 14:38 (UTC +04:00)
Ələt Azad İqtisadi Zonasının investisiya imkanları MIHAS beynəlxalq sərgisində təqdim olunub (FOTO)

Bakı. Trend:

Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən “Malaysia International Halal Showcase” (MIHAS) beynəlxalq sərgisində ayrıca stendlə təmsil olunub.

Sərgi çərçivəsində Ələt Azad İqtisadi Zonasının fəaliyyəti, investorlar üçün yaradılmış əlverişli biznes mühiti və investisiya imkanları beynəlxalq biznes ictimaiyyətinə təqdim edilib. Ziyarətçilərə Azad Zonanın strateji coğrafi mövqeyi, unikal qanunvericilik bazası, maliyyə və qeyri-maliyyə güzəştlər paketi, müasir infrastrukturla təmin edilmiş istifadəyə hazır sənaye torpaq sahələri və digər üstünlüklər barədə ətraflı məlumat verilib.

Sərgi müddətində müxtəlif ölkələri və sənaye sahələrini təmsil edən şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib, Ələt Azad İqtisadi Zonasında yüksək əlavə dəyər yaradan və ixracyönümlü istehsal müəssisələrinin yaradılması imkanları müzakirə olunub. Potensial investorların sualları cavablandırılıb və mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Malayziya şirkətləri tərəfindən Azad Zonanın təqdim etdiyi əlverişli investisiya imkanlarına xüsusi maraq göstərilib.

MIHAS beynəlxalq sərgisində iştirak Ələt Azad İqtisadi Zonasının beynəlxalq biznes ictimaiyyəti arasında daha geniş tanıdılmasına, yeni işgüzar əlaqələrin qurulmasına və potensial investorlarla əməkdaşlıq imkanlarının genişləndirilməsinə töhfə verib.

Xəbər lenti

Xəbər lenti