Bakı. Trend:
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 0,97 ABŞ dolları və ya 0,79% ucuzlaşaraq 122,49 ABŞ dollarına enib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,13 dollar və ya 0,97% ucuzlaşaraq 115,68 ABŞ dolları təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,95 dollar və ya 1,1% azalaraq 85,54 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1 dollar və ya 0,81% artaraq 124,02 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.
"Trading Economics"in məlumatına görə, xam neftin qiyməti çərşənbə axşamı bir barel üçün 93 dollardan yuxarı qalxaraq artımını davam etdirib. Bildirilib ki, buna ABŞ-İran danışıqları ətrafında davam edən qeyri-müəyyənliyin Səudiyyə Ərəbistanının “Şərq-Qərb” neft kəməri vasitəsilə tədarükün bərpasını üstələməsi səbəb olub.
“Məlumata görə, İran rəsmiləri Yaxın Şərqdə hərbi əməliyyatların dayandırılması və Hörmüz boğazının noyabrda keçiriləcək ABŞ aralıq seçkilərindən əvvəl yenidən açılması ilə bağlı razılaşmanın əldə olunmasının mümkünlüyünü şübhə altına alıblar.
Nyu-Yorkda keçirilən son ABŞ-İran danışıqlarında məhdud irəliləyiş əldə olunub. ABŞ Prezidenti Donald Tramp isə Tehran tərəfindən Hörmüz boğazının açılması ilə bağlı irəli sürülən son təklifi rədd edib.
Bununla yanaşı, Trampın nüvə sazişi istiqamətində real irəliləyiş əldə olunacağı təqdirdə İrana qarşı sanksiyaların yumşaldılmasını və dondurulmuş vəsaitlərin sərbəst buraxılmasını nəzərdən keçirdiyi bildirilir.
Bu arada, Səudiyyə Ərəbistanının Hörmüz boğazından yan keçən alternativ marşrut təmin edən əsas neft kəmərində təmir işlərinin başa çatdırılmasından sonra neft axınını sutkada təxminən 3,5 milyon barrelə qədər bərpa etdiyi bildirilir”, - məlumatda qeyd edilib.
