Bir ayda at arabalarının iştirakı ilə qəzalarda 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Hadisə Press-reliz 29 Sentyabr 2026 09:43 (UTC +04:00)
Bir ayda at arabalarının iştirakı ilə qəzalarda 1 nəfər ölüb, 3 nəfər yaralanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Son bir ay ərzində at arabalarının iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, məhsul yığımı ilə əlaqədar ümumi istifadədə olan yollarda at arabalarının hərəkəti intensivləşib. Sentyabrın 22-də Cəlilabad rayonunda qaranlıq vaxtı minik avtomobili ilə at arabasının toqquşması nəticəsində arabada olan üç nəfər xəsarət alıb. Sentyabrın 27-də Bərdə rayonunda baş verən qəzada isə arabaçı həyatını itirib.

DYP xatırladıb ki, ümumi istifadədə olan yollarda at arabasını yalnız 14 yaşına çatmış şəxslər idarə edə bilərlər.

"Arabalar yolun sağ kənar zolağında, mümkün qədər sağ tərəflə və bir cərgədə hərəkət etməli, işıq əks etdirən qurğularla təchiz olunmalıdır.

Görünmə məhdud olan yerdə əsas yola çıxarkən sürücü heyvanı cilovundan tutaraq aparmalıdır. Qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində at arabasının dəmir yolundan keçirilməsi qadağandır", - idarədən bildirilib.

Baş Dövlət Yol Polisi İdarəsi araba sürücülərini yol hərəkəti qaydalarına, xüsusilə görünmə və təhlükəsizlik tələblərinə ciddi əməl etməyə çağırıb.

Qeyd edək ki, analoji hadisələrdən biri sentyabrın 27-də Bərdə rayonunda qeydə alınıb.

Trend-in məlumatına görə, Bərdə şəhərindən rayonun Kələntərli kəndi istiqamətində hərəkət edən avtomobil at arabasını vurub.

Hadisə nəticəsində arabada olan Arif Babaşov yıxılaraq aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti