"Petkim" yeni zavodları üçün lisenziar və mühəndislik işlərinə start verib

Energetika Xəbər 29 Sentyabr 2026 09:57 (UTC +04:00)
"Petkim" yeni zavodları üçün lisenziar və mühəndislik işlərinə start verib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strukturuna daxil olan Türkiyənin neft-kimya şirkəti "Petkim" etilen, polipropilen və polietilen istehsalı üzrə yeni istehsal güclərinin yaradılmasını nəzərdə tutan Master Plan layihəsi çərçivəsində işlərə başlayıb.

Bu barədə şirkətin saytında məlumat verilib.

Layihə çərçivəsində FEED (Front-End Engineering Design – ilkin mühəndislik layihələndirməsi) mərhələsinə rəsmi start verilib. "Petkim" bu məqsədlə aparıcı beynəlxalq lisenziar və mühəndislik şirkətləri ilə müvafiq sazişlər imzalayıb. FEED işlərinin həyata keçirilməsi üçün 70 milyon dollar vəsait ayrılıb. İşlərin 2027-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır. Əldə olunacaq nəticələr yekun investisiya qərarının mümkün qəbulu üçün əsas təşkil etməlidir.

Master Plan çərçivəsində Petkim etilen və polipropilen istehsalı güclərini artırmağı, polimerlərin ümumi istehsal həcmini isə hazırkı səviyyə ilə müqayisədə iki dəfədən çox artırmağı planlaşdırır. SOCAR ilə Technip Energies arasında iyul ayında Anlaşma Memorandumu imzalandıqdan sonra "Petkim" və "Technip Energies" FEED işlərinin aparılması ilə bağlı saziş, həmçinin MFSC (Mixed Feed Steam Cracker) texnologiyası üzrə lisenziya sazişi imzalayıb.

FEED mərhələsində layihənin texniki, kommersiya və iqtisadi parametrləri, eləcə də layihənin yekun həcmi ətraflı qiymətləndiriləcək.

Master Plan çərçivəsində "Petkim" polietilen istehsalı üçün nəzərdən keçirilən qurğu ilə bağlı "Univation Technologies", LLC şirkəti ilə də lisenziya sazişi imzalayıb. Polipropilen istehsalı qurğusu üçün isə "Lummus Novolen Technology GmbH" ilə lisenziya və mühəndislik sazişi bağlanıb. Bundan əlavə, "Technip Energies" şirkəti MFSC texnologiyası üzrə lisenziya alıb. Beləliklə, Petkim Master Plan çərçivəsində müxtəlif istehsal qurğuları və texnologiyalarla bağlı müqavilə prosedurlarının mühüm mərhələsini başa çatdırıb.

Petkim istehsal güclərini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır

FEED işlərinin başa çatmasından sonra yekun investisiya qərarının qəbul edilməsi halında "Petkim"in etilen istehsalı gücünün hazırkı 588 min tondan ildə 1,2 milyon tona çatdırılması planlaşdırılır. Polipropilen istehsalı gücünün isə 145 min tondan ildə 550 min tona qədər artırılması nəzərdə tutulur.

Master Plan çərçivəsində yeni qurğuların istifadəyə verilməsi və istehsal güclərinin genişləndirilməsi nəzərə alınmaqla, Petkimin polimerlərinin ümumi istehsal həcminin hazırkı səviyyə ilə müqayisədə iki dəfədən çox artırılması planlaşdırılır.

Petkimin baş direktoru və SOCAR Türkiyənin neft emalı və neft-kimya istiqamətinin rəhbəri Kənan Mirzəyev bildirib ki, iyul ayında niyyət sazişinin imzalanmasından sonra "Technip Energies" ilə FEED sazişinin bağlanması layihənin plana uyğun irəlilədiyini göstərir.

"FEED mərhələsi çərçivəsində layihənin texniki və kommersiya parametrlərini daha ətraflı qiymətləndirəcək və yekun investisiya qərarı üçün əsas təşkil edəcək mühəndislik işlərini həyata keçirəcəyik. Bununla yanaşı, polietilen, polipropilen və MFSC texnologiyaları üzrə lisenziya və mühəndislik sazişlərinin imzalanması layihənin müxtəlif komponentləri üzrə əhəmiyyətli irəliləyiş əldə etdiyimizi göstərir. FEED mərhələsi üçün ümumilikdə 70 milyon dollar vəsait ayırmışıq. Biz bunu "Petkim"in gələcəyinə investisiya kimi qiymətləndiririk.

Master Plan çərçivəsində nəzərdən keçirilən investisiyaların həyata keçirilməsi, FEED işlərinin başa çatdırılması və yekun investisiya qərarının mümkün qəbulu halında etilen və polipropilen istehsalı güclərini əhəmiyyətli dərəcədə artırmağı, polimerlərin ümumi istehsal həcmini isə hazırkı səviyyə ilə müqayisədə iki dəfədən çox artırmağı planlaşdırırıq. Master Plan layihəsini Türkiyənin neft-kimya sektorunun uzunmüddətli tələbatını qarşılamağa, eyni zamanda "Petkim"in rəqabət qabiliyyətini və dayanıqlılığını dəstəkləməyə imkan verəcək strateji transformasiya layihəsi kimi qiymətləndiririk. Hesab edirik ki, bu mərhələdə atılan addımlar Petkimin gələcəyinə və Türkiyənin neft-kimya ekosisteminin inkişafına töhfə verəcək", - deyə Mirzayev bildirib.

Petkimin məlumatına görə, Master Plan həmçinin şirkətin mövcud istehsal infrastrukturunun uzunmüddətli dayanıqlılığının təmin edilməsinə, istehsal güclərinin və texnoloji bazanın inkişafına, eləcə də neft emalı və neft-kimya sahələrinin inteqrasiyasının daha da gücləndirilməsinə yönəlib.

Master Plan çərçivəsində yekun investisiya qərarı FEED işləri başa çatdıqdan sonra nəzərdən keçiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti