Bakı.Trend
Moldova parlamentinin müxalifəti prezident Maya Sandunun impiçmenti proseduruna başlayıb.
Bu barədə "Vedomosti" nəşri yazır.
Məlumata görə, bununla bağlı layihəni 46 deputat imzalayıb və parlamentdə qeydiyyatdan keçirib. Müxalifət Sandunu Konstitusiyanı və hakimiyyət bölgüsü prinsipini pozmaqda ittiham edir.
Prosedurun başlanması üçün ən azı 34 imza tələb olunur. Lakin prezidentin vəzifədən kənarlaşdırılması barədə qərarın qəbul edilməsi üçün parlamentdə deputatların üçdə ikisi layihənin lehinə səs verməlidir.
Layihədə müxalifət Sandunu hakimiyyəti qəsb etməkdə, məhkəmələrin və prokurorluğun fəaliyyətinə müdaxilə etməkdə, həmçinin keçmiş baş prokuror Aleksandr Stoyanoqloqun qanunsuz şəkildə vəzifədən azad edilməsində ittiham edir. Bundan əlavə, təşəbbüsün müəllifləri Moldovanın Avropa İttifaqına üzvlük kursu ilə bağlı iradlarını bildirərək, prezidentini xaricdən aldığı pul mükafatlarını gizlətməkdə ittiham ediblər.
